İngiltərə nəhəngi “Mançester Siti” qarşısında ağır məğlubiyyətlə sarsılan “Nyukasl”da krizis pik həddə çatıb. Baş məşqçi Eddi Haunun kreslosu heç vaxt olmadığı qədər laxlayır, aparıcı oyunçular isə bir-bir sıradan çıxır. Çempionlar Liqasının pley-off mərhələsində təmsilçimiz “Qarabağ”ın rəqibi olan ingilislər, bəlkə də tarixinin ən ağır günlərini yaşayır.
Bir Rəqibə 12 Ardıcıl Məğlubiyyət: Tarixi Antirekord!
İngiltərə Liqa Kubokunda Pep Qvardiolanın “maşın”ına iki oyunun nəticəsində 1:5 hesabı ilə boyun əyən “Nyukasl”, təkcə turnirlə vidalaşmadı. “Opta”nın statistikasına görə, “sağsağanlar” “Siti”yə qarşı səfərdə ardıcıl 12-ci məğlubiyyətini alaraq, klub tarixinin ən qara səfər seriyasına imza atıblar. Lakin “Sent Ceyms Park” sakinlərini qorxudan statistika deyil, komandanın içindəki ruh düşkünlüyüdür.
“Cəhənnəm marafonu” və zədə kabusu
Eddi Hau komandasını 21 günlük “cəhənnəm marafonuna” çıxarıb. Bu sıx qrafikin ən həlledici dayanacağı isə məhz “Qarabağ”la keçiriləcək oyunlardır. Lakin ingilislər Bakıya “yaralı” gəlirlər. Komandanın əsas gücü Entoni Qordonun zədələnməsi hücum xəttini iflic vəziyyətə salıb. Aleksandr İsakın gedişindən sonra Qordonun da sıradan çıxması, “Qarabağ”ın müdafiəsi üçün nəfəs dərdirən xəbərdir.
Taktiki İflas: Müdafiə xətti sanki “açıq qapı“ günləri elan edib.
Son 7 oyunda cəmi 1 qələbə qazanan “Nyukasl”, Premyer Liqanın autsayderləri qarşısında belə aciz görünür. Hətta “Vulverhempton”la belə bacarmadılar (0:0). “Siti” ilə matçda rəqib yarımmüdafiəçilərin meydanın mərkəzində “at oynatması” Haunun pressinq taktikasının tam iflas etdiyini göstərdi.
Əgər Eddi Hau “Qarabağ”ın sürətli və texnikalı oyunçuları qarşısında da eyni nizamsız, “başsız atlı” kimi hücum futbolu oynasa, Bakıda faciə yaşaya bilər. Qurban Qurbanovun əks-hücum strategiyası üçün bu müdafiə boşluqları əsl tapıntıdır.
Səudiyyəlilərin səbri tükənir: “olum, ya ölüm!”
Klubun sahibi olan Səudiyyə Ərəbistanı İnvestisiya Fondu (PIF) artıq yeni məşqçi axtarışlarına başlayıb. Çempionlar Liqası zonasından xeyli uzaqlaşan komandada Eddi Hau üçün “Qarabağ”la oyun son şansdır. 4.5 illik erasını xilas etmək üçün o, Bakıda mütləq nəticə qazanmalıdır. Səhv etmək haqqı artıq bitib!
Nəticə: tarix yazmaq zamanı
Psixoloji cəhətdən sarsılmış, fiziki yorğun, liderini itirmiş və taktiki böhran yaşayan “Nyukasl”, “Qarabağ”ın indiyə qədər qarşılaşa biləcəyi ən “yaralı” nəhəngdir. Təmsilçimiz üçün İngiltərə klubunu diz çökdürmək və Avropada səs salmaq üçün bundan daha ideal zaman ola bilməz.