Oyun ərəfəsi
Son turda rəqibin “Liverpul” olduğunu nəzərə alsaq “Qarabağ” üçün pley-off şansına məhz bu turda aydınlıq gələcəyini söyləmək olar. Söz yox ki, ağdamlıların səfərdə “Liverpul”dan qələbə ilə qayıdacağı inandırıcı deyil. Bu baxımdan böhran keçirən “Ayntraxt” üzərində qələbə həlledici xarakter daşıyır. Qurban Qurbanovun komandasında yalnız Kadi Borxes zədəli olduğu halda, frankfurtlular Bakıya itkilkərlə gəlib. Yonatan Burkardt, Timoti Çendler və Elias Baum zədəlidir. “Qarabağ”ın oyunu ilə bağlı tək sual isə komandanın qış fasiləsindən sonra hansı formada olmasıdır. “Ayntraxt”la oyun bu suala cavab verəcək.
Oyunun gedişi
“Qarabağ” oyuna fəal başladı və artıq 4-cü dəqiqədə sürətli sol cinah hücumunu qola çevirdi. Elvinin ötürməsindən sonra Andradenin zərbəsini qapıçı qaytardı, lakin təkrar zərbə ilə Duran hesabı açdı. Meydan sahiblərinin sevinci uzun sürmədi. Qoldan sonra topu almanlara verən Qurbanovun yetirmıləri çox adi bir hücumu buraxdılar. Bu epizodda Bikalyo kobud səhvə yol verdi. O, topu ələ keçirsə də, ləng tərpəndi və Can Uzun ondan oğurladığı topu rahatca küncə yönəltdi. Bikalyo bundan sonrakı epizodlarda da ləng tərpənirdi. Görünür qış fasiləsi onun xeyrinə olmayıb. Ağdamlılar yalnız ilk yarının sonlarına yaxın fəallaşdı və hətta bir qol vəziyyəti də yaratdı, amma rəqib qapıçısı bu epizodda komandasınmı xilas etdi.
İkinci hissə göstərdi ki, “Ayntraxt”ı yenmək olar. Top tamamilə “Qarabağ”ın nəzarətində idi və almanlar ciddi heç nə təklif edə bilmirdi. Bunun nəticəsi olaraq qol imkanları yaranacağına ümid artırdı. Kamillo Durana qarşı cərimə meydanında kobudluq zamanı tribunalar penalti arzusu ilə coşdu, amma hakim “yox” dedi. Əvəzində az sonra Bəhlulun rəqibə qarşı kobud müdaxiləsi zamanı dərhal penalti verdi. Çaibi penaltini dəqiq yerinə yetirdi. Amma 2 dəqiqə sonra meydan sahibləri sol cinahdan sürətlə irəli keçərək hesabı bərabərləşdirdi. Bu dəfə də qol epizodunda Elvin və Duran qəhrəman oldular. Bu qol Qurbanovun yetirmələrini ruhlandırdı. Qalan vaxtda bütün gücü ilə rəqibi öz qapısına sıxan “Qarabağ” qələbə topunu vuraraq əzmkar qələbə qazandı və pley-offa çıxmaq şansını yaxşılaşdırdı.
UEFA Çempionlar Liqası
Əsas mərhələ, VII tur
“Qarabağ” – “Ayntraxt” 3:2
Baş hakim: Sandro Şerer (İsveçrə)
“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Marko Yankoviç, Pedro Bikalyo, Joni Montiel (Addai, 84), Abdullah Zubir, Leandro Andrade (Kaşuk, 84), Kamillo Duran (Qurbanlı, 90).
“Ayntraxt”: Kaua Santos, Artur Teate, Robin Koç, Nataniel Braun, Ellies Şkiri, Ansqar Knauff (Bahoya, 79), Rasmus Kristensen, Huqo Larsson (Hoylund, 85), Ritsu Doan (Çaibi, 71), Nnamdi Kollins (Ştaff, 85), Can Uzun (Götse, 71).
Qol: Kamillo Duran, 4 (1:0) Can Uzun, 10 (1:1). Çaibi, 78-p. (1:2). Duran, 80 (2:2). Mustafazadə, 90+4 (3:2).