Qana Premyer Liqasından gələn xəbər dünya futbol ictimaiyyətini sarsıdıb. “Berekum Çelsi” klubunun 20 yaşlı hücumçusu Dominik Frimpong komanda avtobusuna edilən silahlı hücum nəticəsində həyatını itirib.
Dəhşətli hadisə Premyer Liqa çərçivəsində keçirilən “Samartex” – “Berekum Çelsi” matçından sonra baş verib. Meydan sahiblərinin qonaqlığından qayıdan komanda heyəti yolda naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. Avtobusun atəşə tutulması nəticəsində kollektiv arasında böyük panika yaşanıb.
İlkin məlumatlara görə, komandanın gələcək vəd edən gənc ulduzu Dominik Frimpong başından aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib. Qana Futbol Federasiyası rəsmi bəyanat yayaraq futbolçunun ölüm xəbərini təsdiqləyib və ailəsinə başsağlığı verib.Hücumdan sonra komandanın bəzi üzvlərinin taleyi barədə hələ də məlumat yoxdur. Yerli hakimiyyət orqanları hadisə zamanı qaçaraq gizlənən və ya qaçırıldığı ehtimal edilən futbolçuların tapılması üçün genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarına başlayıb. Dominik Frimpong ölkə futbolunun ən perspektivli hücumçularından biri hesab olunurdu.