Günün digər qarşılaşmasında Nigeriya və Əlcəzair üz-üzə gəldi. “Super qartallar” Zinedin Zidanın oğlu Lukanın qoruduğu Əlcəzair qapısı qarşısında əsl fırtına yaratdı. Zədəli İsmael Bennaserdən məhrum olan Əlcəzair millisi rəqibə heç bir müqavimət göstərə bilmədi.
İlk hissədə Luka komandasını xilas etməyə çalışdı. O, Ademola Lukman və Viktor Osimhenin təhlükəli zərbələrini dəf etsə də, komandasının oyunu “sönük” idi. Fasiləyə 0:0 hesabı ilə yollanan “Səhra tülküləri” bu nəticəyə görə sadəcə bəxtlərinə minnətdar ola bilərdilər.
İkinci hissənin əvvəlində uzaq dirəyə edilən asmanı “Qalatasaray”ın forvardı Viktor Osimhen maneəsiz şəkildə başla tamamladı – 0:1. 57-ci dəqiqədə İvobinin möhtəşəm ötürməsi ilə başlayan əks-hücumda Osimhen topu Akor Adamsa ötürdü, o isə boş qapını dəqiq nişan aldı – 0:2. Bu qələbə ilə Nigeriya yarımfinala yüksəlib. Onların növbəti rəqibi turnirin əsas favoriti hesab olunan Mərakeş millisi olacaq.
1/2 final
14 yanvar 21:00 Seneqal – Misir
15 yanvar 00:00 Nigeriya – Mərakeş