“Qalatasaray”ın rəsmi nümayəndəsi Eray Yazqan, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında baş verən zədələrlə bağlı “Liverpul” klubunu kəskin tənqid edib. İstanbul təmsilçisi İngiltərə klubunu idmançı sağlamlığına laqeyd yanaşmaqda və baş verənlərə görə məsuliyyətdən qaçmaqda suçulayıb.
Yazqan, oyun zamanı “sarı-qırmızılılar”ın iki aparıcı üzvünün ciddi xəsarət aldığını xatırladıb. Noa Lanqın barmağından aldığı zədə ilə yanaşı, Viktor Osimhenin İbrahim Konate ilə mübarizədə qolunun qırılması klubun narazılığına əsas səbəb olub.
“Burada söhbət futbolçularımızın sağlamlığına yönəlmiş ciddi təhlükədən gedir. ‘Liverpul’ nə klubumuzdan, nə də zərərçəkən oyunçularımızdan üzr istəyib. Bu, qətiyyən qəbulolunmazdır,” – deyə Yazqan A Spor-a açıqlamasında bildirib.
Klub rəsmisi “Liverpul”un susqunluğunu tənqid edərək, İngiltərə təmsilçisinin fərqli mövzularla gündəmi dəyişməyə çalışdığını iddia edib. Yazqan məsələnin diqqətdən kənarda qalmayacağını və sonuna qədər hüquqi müstəvidə addımlar atılacağını vurğulayıb. Onun sözlərinə görə, “Liverpul”un öz oyunçularının sosial mediada irqçi hücumlara məruz qalması ilə bağlı yaydığı xəbərlər, əslində meydandakı hadisələrdən diqqəti yayındırmaq məqsədi daşıyır.
“Bu sükut hadisəni ört-basdır etmək cəhdidir. Biz bu məsələnin arxasınca gedəcək və ədalətin bərpa olunmasına çalışacağıq” – deyə o, sözlərini tamamlayıb.