Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyun günü futbolsevərlərə əsl emosiya fırtınası yaşatdı. İstanbulda 7 qollu darmadağın, Lissabonda irqçilik qalmaqalı ilə kəsilən oyun və Fransada 0:2-dən geri dönən PSJ – Avropanın ən nüfuzlu turniri öz dramatikliyi ilə bütün gözləntiləri aşdı.
Günün ən böyük sürprizi İstanbulda yaşandı. Son 4 matçda qələbəyə həsrət qalan “Qalatasaray”, turnirin favoritlərindən sayılan “Yuventus”u qəbul etdi. Matçın startı meydan sahibləri üçün uğurlu olsa da (Sara, 15′), Kupmeynersin dublu italyanları fasiləyə üstün yolladı. Lakin ikinci hissədə meydanda tam fərqli “Cim-Bom” var idi. 49-cu dəqiqədə Lanq hesabı bərabərləşdirdi, 60-cı dəqiqədə isə Sançez türkləri yenidən önə keçirdi. “Yuventus”un müdafiəçisi Xuan Kabalın 67-ci dəqiqədə qırmızı vərəqə alması “Qoca Sinyora”nın oyununu tamamilə dağıtdı. Viktor Osimhenin məhsuldar ötürmələri ilə Lanq dublunu tamamladı, Boey isə son nöqtəni qoydu: 5:2. Bu nəticə ilə “Yuventus” turnirdəki gələcəyini ciddi sual altına qoydu.
Lissabonda keçirilən qarşılaşma taktiki mübarizə və xoşagəlməz hadisələrlə yadda qaldı. Joze Mourinyonun “Benfika”sı ilk 40 dəqiqədə Madrid klubuna nəfəs almağa imkan vermədi. Lakin Alvaro Arbeloanın taktiki gedişləri fasiləyə yaxın oyunu dəyişdi. 50-ci dəqiqədə Vinisius Junior möhtəşəm qolla hesabı açdı. Lakin braziliyalının “Benfika” loqosunun önündə etdiyi rəqs stadionda gərginliyi pik həddə çatdırdı. İrqçilik şüarları və azarkeşlərin meydana əşyalar atması səbəbindən hakim oyunu dayandırdı. 12 dəqiqəlik fasilədən sonra matç bərpa olunsa da, “Benfika”nın hücumları nəticə vermədi. Ukraynalı qapıçı Anatoli Trubin Vinisiusun bir neçə təhlükəli zərbəsini dəf edərək hesabın böyüməsinə mane oldu. “Real” 1:0 hesablı minimal və qalmaqallı qələbə ilə döndü.
“Monako” və PSJ arasındakı qarşılaşma gözlənilməz ssenari ilə başladı. Baloqunun erkən qolları (1′ və 18′) parisliləri şoka salsa da, Luis Enrikenin yetirmələri geri dönməyi bacardı. “Qızıl top” sahibi Dembeleni əvəz edən Dezire Due gecənin ulduzuna çevrildi. Onun dublu və Hakiminin qolu PSJ-yə 3:2 hesablı qələbə qazandırdı. “Monako”nun oyunçusu Aleksandr Qolovin iki qolun yaranmasında iştirak etsə də, ikinci hissədə birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoydu.
Almaniyada keçirilən matçda “Borussiya” “Atalanta”nı qəbul etdi. Artıq 3-cü dəqiqədə Girassinin qolu ilə önə keçən dortmundlular, 42-ci dəqiqədə Bayerin qolu ilə oyunu faktiki olaraq bitirdilər. İtaliya təmsilçisi ikinci hissədə dəyişikliklər etsə də, Dortmund müdafiəsini yarmaq mümkün olmadı.
Bu tur Çempionlar Liqasında həm idman mübarizəsi, həm də emosional gərginlik baxımından yadda qalan oldu. Xüsusilə “Qalatasaray”ın hücum futbolu və “Real” ətrafındakı qalmaqal hələ uzun müddət müzakirə olunacaq.
Çempionlar Liqası, Pley-off, ilk oyunlar.
Qalatasaray – Yuventus 5:2
Qollar: Sara, 15. Lanq, 49; 75. Sançes, 60. Boe, 86 – Koopmeiners, 16; 32.
Benfika – Real Madrid 0:1
Vinisius, 50.
Borussiya D – Atalanta 2:0
Qirassi, 3. Bayer, 42.
Monako – PSJ 2:3
Baloqan, 1; 18 – Due, 29; 67. Hakimi, 41.