Bu gün Quba və Suraxanıda keçiriləcək iki oyunla Premyer-Liqada 6-cı tur start götürür. Qubada keçirilən turun açılış oyunu faktiki olaraq həftənin mərkəzi oyunudur. Buna səbəb geridə qalan 6 turda “İmişli” və “Zirə”nin ən sabit oyun göstərən iki komanda olmasıdır. Rəşad Sadıqovun komandası gözlənildiyi kimi bu mövsüm sabit çıxışı və strateji yanaşması ilə çempionatın iddialı komandasıdır. “İmişli” isə geridə qalan turlarda gözlənilmədən çox inamlı oyun göstərməklə nəinki rəqiblərdən xal almağı, hətta ardıcıl qələbələr qazanmağı da bacardı. Sərgərdan qalan və Qubada sığınacaq tapan İmişli komandası portuqaliyalı Jorj Kaşkilyanın başçılığı ilə döyüşkən kollektiv yarada bilib. Lakin “Zirə” ilə oyun komandanın əsl gücünü ortaya çıxaracaq.
Suraxanıda keçiriləcək oyunda isə “Qarabağ”ın qələbəsi gözlənilir. Ötən tur “Araz-Naxçıvan”ı darmadağın edən şərti ağdamlılar hələ ki, ölkə daxilində özünə rəqib tapmadığını təsdiqlədi. “Qəbələ”nin Qurban Qurbanovun ruh yüksəkliyi yaşayan yetirmələrinə ciddi müqavimət göstərəcəyi inandırıcı deyil. Çünki, Kaxaber Tsxadadzenin komandası həvəsli, çalışqan komanda təsiri bağışlasa da, potensial olaraq ciddi sıçrayışa qadir görünmür.
“İmişli” – “Zirə”
15:30. Quba OİK stadionu.
Hakim: Əli Əliyev
“Qarabağ” – “Qəbələ”
19.00. “Azersun Arena”.
Hakim: Rauf Cabarov
Turun digər oyunları:
27.09.2025
15.30. “Şamaxı” – “Araz-Naxçıvan”
19.00. “Neftçi” – “Karvan-Yevlax”
28.09.2025
16.30. “Turan-Tovuz” – “Kəpəz”
19.00. “Sabah” – “Sumqayıt”