Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı idmançılarmız üçün əsl zəfər yürüşünə çevrilib. Azərbaycan Gimnastika Federasiyasının məlumatına görə, ölkəmiz turnirdə 23 gimnastla təmsil olunaraq, həm gənclər, həm də böyüklər kateqoriyasında qitənin ən güclüləri ilə mübarizə aparıb.
Bu çempionat Azərbaycan gimnastikası tarixinə “ilk”lərin yarışı kimi düşüb. Belə ki, komandamız tarixində ilk dəfə olaraq həm gənclər, həm də böyüklər arasında batut gimnastikası üzrə komanda hesabında, həmçinin ikili minibatut üzrə gənclər arasında final mərhələsinə yüksəlməyi bacarıb.
Ümumilikdə mümkün olan 16 final mərhələsindən 13-nə vəsiqə qazanan təmsilçilərimiz, turnirin ən məhsuldar və uğurlu iştirakçıları sırasında yer alıblar.
Yarışın ən yaddaqalan məqamları tamblinq cığırında yaşanıb. Azərbaycanın tamblinq üzrə komandası yüksək ustalıq nümayiş etdirərək Avropa ikincisi adını qazanıb. Fərdi proqramda isə Tofiq Əliyev 29.300 xal toplamaqla gümüş medala sahib çıxıb. Qeyd edək ki, bu, Tofiqin ardıcıl ikinci Avropa gümüşüdür və bu, onun stabilliyinin göstəricisidir.
Fərdi proqramlarda gimnastlarımız qitənin ən güclü idmançıları ilə gərgin mübarizə apararaq mükafatçılar sırasına düşməyə çox yaxın olublar. Selcan Mahsudova 56.550 xal toplayaraq Avropa dördüncüsü adını qazandığı halda, kişilərin mübarizəsində Maqsud Mahsudov 60.080 xalla yarışı 6-cı pillədə başa vurub. Komanda hesabında isə böyüklərdən ibarət heyətimiz finalın bir addımlığında — 4-cü yerdə qərarlaşaraq yüksək potensial nümayiş etdiriblər.
İkili minibatut yarışlarında isə gənclərdən ibarət heyətimiz finala yüksələrək yeni bir uğura imza atıblar. Fərdi qaydada isə Ammar Baxşalıyev finalın gərgin mübarizəsində öz bacarığını nümayiş etdirib.
Azərbaycan gimnastikası Portimaoda keçirilən bu çempionatla sübut etdi ki, ölkəmiz batut və tamblinq üzrə artıq Avropanın aparıcı güclərindən birinə çevrilmişdir. 13 final və qazanılan medallar gələcək Olimpiya və dünya turnirləri üçün böyük ümidlər vəd edir.