“Barselona”nın və İspaniya millisinin əfsanəvi sabiq müdafiəçisi Xerard Pike futbol dünyasının bitməyən mübahisəsinə – Lionel Messi və Kriştiano Ronaldo müqayisəsinə nöqtə qoymağa çalışıb. Hər iki ulduzla eyni komandada çıxış etmiş (“Mançester Yunayted”də Ronaldu, Barselonada Messi ilə) Pike, onların fərqli üstünlüklərini ön plana çəkib.
Pike argentinalı ulduzu dünyanın ən yaxşısı hesab etdiyini gizlətməyib: “Mənim üçün Leo bir nömrədir. Mən karyeram boyu Messi qədər fitri istedada sahib olan ikinci bir oyunçu görməmişəm. Onun topla rəftarı və oyun duyumu tamamilə fərqli səviyyədədir.”
Kriştianonun peşəkarlığına toxunan ispaniyalı müdafiəçi, portuqaliyalının uğur formulunu belə izah edib: “Ronaldo əsl maşın idi. O, hər gün öz üzərində yorulmadan çalışırdı. İş etikası baxımından Kriştianodan daha yaxşısını görməmişəm. O, həmişə ən yaxşısı olmaq istəyirdi və buna zəhməti sayəsində nail oldu. Lakin sırf futbol istedadını müqayisə etsək, Leo bir pillə yuxarıdadır”.
Pike hər iki futbolçunun tarixin ən yaxşıları olduğunu vurğulayaraq, onlarla birgə oynadığı üçün özünü şanslı hiss etdiyini bildirib: “Onları müvafiq olaraq birinci və ikinci pillələrə yerləşdirirəm. Onlar futbol tarixinin iki ən böyük simasıdır. Bu ulduzlarla çiyin-çiyinə mübarizə aparmaqdan və titullar qazanmaqdan qürur duyuram”.
Xatırladaq ki, hazırda Messi ABŞ-ın “İnter Mayami” klubunda çıxış edir və ötən mövsüm MLS çempionu olub. Ronaldu isə karyerasını Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasında davam etdirir.