“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 21-ci turu çərçivəsində keçirilən “Sumqayıt”la oyundan (0:0) sonra mətbuat konfransında iştirak edib. Gürcü mütəxəssis həm keçirilən oyun, həm də ötən turdakı mübahisəli epizod barədə fikirlərini bölüşüb.
Sxadadze komandasının mübarizəsindən razı qaldığını, lakin realizasiya problemlərinin davam etdiyini vurğulayıb: “Çox danışmayacağam. Hər iki komanda yüksək səviyyəli futbol nümayiş etdirdi. Bu mövsüm artıq üçüncü dəfədir ki, penaltidən yararlana bilmirik. Məşqlərdə bunun üzərində xüsusi işləyirik, lakin nədənsə oyunda alınmır. Futbolçuların mübarizəsindən razı qaldım. Əgər belə davam etsək, mövsümün sonuna qədər daha çox xal toplayacağıq”.
Mətbuat konfransında 20-ci turda “Sabah”la oyunda (0:1) “Qəbələ”nin qeydə alınmayan qolu ilə bağlı Hakimlər Komitəsinin rəsmi izahatına da toxunulub. Jurnalistin “Verilən qərardan razı qaldınızmı” sualına baş məşqçinin cavabı belə olub: “O oyun artıq geridə qaldı. Verilən qərara hörmətlə yanaşıram. Lakin şəxsi qənaətim belədir ki, həmin epizodda qol təmiz idi”.