Qitənin ən nüfuzlu turnirində “zəif rəqib” anlayışı arxivə gömüldü. İndi hər səhv taleyüklüdür, hər qol qızıl dəyərindədir. Bəziləri üçün bu, itirilmiş mövsümü xilas etmək şansı, bəziləri üçün isə hegemonluğu təsdiqləmək savaşıdır. Alissonun şok itkisi, Osimhenin rekord iştahı və “Tottenhem”in paradoksal yüksəlişi – 1/8 finalın ilk pərdəsi açılır. Peşəkar təhlillərimizlə qarşıdakı futbol gecəsinə tam hazır olun.
“Qalatasaray” – “Liverpul”: Osimhenin rekord inadı və “mersisaydlılar”ın qapıçı problemi
2013/14 mövsümündən bəri ilk dəfə bu mərhələyə yüksələn “Qalatasaray” evdə böyük üstünlük əldə etməyə çalışacaq. Diqqətlər Viktor Osimhendə olacaq. Bu mövsüm 26 oyunda 18 qol və 6 məhsuldar ötürmə ilə yadda qalan nigeriyalı ulduz, Burak Yılmazın turnirdəki bir mövsümlük qol rekordunu təkrarlamağı hədəfləyir.
“Liverpul” cəbhəsində isə ciddi itki var. Alisson Bekker məşqdə hiss etdiyi narahatlıq səbəbindən İstanbula yollanan heyətdən kənarda qalıb. Buna rəğmən, Arne Slotun yetirmələri hücumda çox təhlükəlidir və bu mövsüm turnirdə klub tarixinin 500-cü qolunu rəsmiləşdiriblər. Məhəmməd Salah bu matçda meydana çıxarsa, “Liverpul” forması ilə Çempionlar Liqasında ən çox oyun keçirən Ceymi Karragerin rekorduna (80 oyun) şərik olacaq.
“Atalanta” – “Bavariya”: İkinci nissənin kralları Noyersiz münhenlilərə qarşı
Mərhələyə adlayan komandalar arasında ən az qol vuranlardan (10 qol) biri olan “Atalanta” əsl “ikinci hissə komandası”dır. İtalyanlar 1/8 finala gedən yolda vurduqları 14 qoldan 11-ni məhz fasilədən sonra rəqib qapılarından keçiriblər.
“Bavariya” isə səfərə ağır itki ilə yollanıb. Komandanın kapitanı Manuel Noyer “Borussiya Münhenqladbax”la oyunda (4:1) sol baldır əzələsini yırtdığı üçün bu vacib görüşü buraxacaq. Yozua Kimmih üçün isə bu matç Münhen klubunun heyətində ÇL-də 100-cü yubiley oyunu ola bilər.
“Nyukasl” – “Barselona”: “Sent-Ceyms Park”da qisas vaxtı və katalonların itkiləri
“Nyukasl” evdə asan təslim olmur və Avrokuboklarda son 36 ev oyununun cəmi 4-də uduzublar. Maraqlıdır ki, cari mövsümdə doğma meydanda rəqiblərinə göz açmağa imkan verməyən “sağsağanlar” yeganə ev məğlubiyyətini (1:2) məhz bugünkü rəqibi “Barselona”dan alıb. İndi ingilislər doğma divarlar arasında həmin uğursuzluğun qisasını almaq niyyətindədir.
Hans-Diter Flikin rəhbərlik etdiyi “Barselona”nın isə müdafiə xəttində ciddi problemləri var. Jül Kunde, Alexandro Balde, Andreas Kristensen və yarımmüdafiəçi Frenki de Yonq zədə səbəbindən İngiltərə səfərini buraxmalı olublar.
“Atletiko” – “Tottenhem”: “Şporlar”ın Avropa sevdası və Madrid divarı
Bu cütlükdə əsl statistikalar savaşı yaşanacaq. “Atletiko” Çempionlar Liqasında doğma meydanda ardıcıl 16 oyundur ki, qol vurur. Maraqlıdır ki, “matrasçılar”ın cari turnirdəki oyunlarından yalnız birində (“Arsenal”a 0:4 hesabı ilə uduzduqları matç) qarşılıqlı qol qeydə alınmayıb.
Rəqib isə bu mövsümün ən paradoksal komandası olan “Tottenhem”dir. İngiltərə Premyer Liqasında ardıcıl ikinci ildir uğursuz çıxış edən və hətta aşağı liqaya (Çempionşip) düşmək təhlükəsi ilə üzləşən “şporlar”, Avropada tam başqa sima nümayiş etdirir. Avropa Liqasının son qalibi olan London təmsilçisi qitə miqyaslı turnirlərdə evdə 24 matçdır məğlub olmur. Bu mövsüm isə öz meydanlarında keçirdikləri 4 oyunun hamısında qələbə qazanıblar və qapılarından bir qol belə buraxmayıblar.
Çempionlar Liqası, 1/8 final (ilk oyunlar)
21:45 Qalatasaray – Liverpul CBC Sport, TRT 1
00:00 Atlanta – Bavariya
00:00 Bayer – Arsenal
00:00 Nyukasl – Barselona İctimai TV