Afrika Millətlər Kubokunun finalında hakimin qərarına etiraz əlaməti olaraq komandanı meydandan çıxardığı üçün 100 min dollar məbləğində cərimələnən Seneqal yığmasının baş məşqçisi Pap Tiau azarkeşlərin təşəbbüsünə cavab verib.
Xatırladaq ki, Seneqal millisinin tərəfdarları Tiaunun cəriməsini ödəmək məqsədilə ianə kampaniyasına start vermişdilər. Məşqçi sosial şəbəkə hesablarında xalqının bu nəcib addımına biganə qalmayaraq öz minnətdarlığını bildirib: “Seneqal xalqı, mənim ailəm… Sizin həmrəyliyiniz məni qəlbimin dərinliklərinə qədər təsirləndirdi. Hər gün mənə göstərdiyiniz sevgi üçün təşəkkür edirəm. Lakin sizdən təvazökarlıqla xahiş edirəm ki, pul toplama kampaniyasını dayandırasınız. Bu alicənab addımınızı yüksək qiymətləndirirəm, lakin həmin vəsaiti həqiqətən ehtiyacı olan insanlara yönləndirməyinizi rica edirəm”.
Qeyd edək ki, sözügedən finalda Seneqal millisi Mərakeşlə qarşılaşmanı sona qədər davam etdirərək qələbə qazanıb və 2021-ci ildən bəri ilk dəfə qitənin ən güclü komandası adına layiq görülüb.