Millimiz daha bir seçmə mərhələni başa vurdu, Fernandu Santuşla başladı Ayxan Abbasovla bitirdi. Dəyişən isə heç nə olmadı. Yox, deyəsən oldu: oyundan əvvəl və sonra səslənən absurd fikirlər: “döyüşdük”, “vuruşduq”, “mübarizə apardıq” və “pis oynamadıq”. Qəribədir, görəsən bu futbolçular Santuşun dönəmində niyə döyüşüb, vuruşmurdular? Bəyəm, Santuşun çalışdırdığı milli bizimki deyildimi? Şübhəsiz, bunların hamısı mənasız və baş aldatmaq üçün səslənən fikirlərdir. Çünki, millinin dünəni və bu günü arasında heç bir fərq yoxdur və ağlı başında olan hər kəs anlayır ki, olmayacaq da. Bu üzdən bu fikri səsləndirənlər bizi yox, özlərini aldatmış olurlar, “Qarabağ”ın Çempionlar Liqasında uğurlu çıxışını əldə bayraq edib futbolumuzun yüksəlişdə olduğunu söyləyənlər kimi.
Nə isə…Bir şey gün kimi aydındır, futbolumuz düşündüymüz kimi uçurumun astanasında yox, lap dibindədir. Çünki, yaxşı heç nə vəd etmir. Bunun üçün gənclər və yeniyetmələr istər yığma, istərsə də klub komandalarının beynəlxalq arenadakı çıxışına nəzər salmaq yetər. Bu səbəbdən bu gün millinin sükanı arxasında kimin olmasından asılı olmayaraq heç nə dəyişməyəcək. Ona görə də, Ayxanın getməsinin və qalmasının heç bir önəmi yoxdur. Bu səbəbdən qalıb işinə davam etsə daha yaxşı olardı.
Çıxış yolu nədir? Sadəcə futbola olan münasibətimizi və yanaşmamızı dəyişməliyik. Deyəsən, futbolumuzun başında duranların isə hələ ki, belə fikri yoxdur. Olsaydı, çoxdan qollarını çırmayıb işə girişərdilər. Özbəklərin təxminən 10-15 il bundan əvvəl başladıqlarını, heç olmasa indi edərdilər və növbəti on ilimiz yenə boşuna getməzdi. Hərdən sual verirəm: görəsən doğurdanmı özbək uşaqları bizimkilərdən istedadlıdır? Niyə onları Avropa və Asiyanın sanballı klubları transfer edir, bizimkilərin isə adını belə çəkən yoxdur? Baxmayaraq mətbuatımız bəzi oyunçulara özlərindən qiymət qoyub, gündə bir xarici kluba “transfer” edirlər. Ancaq nədənsə mətbuatın “satdığı” oyunçular Biləcəridən uzağa gedə bilmir. Niyə Özbəkistanın millisi (deyəcəklər Asiyada çıxış edir ona görə) mundiala vəsiqə qazana, gənclər yığması qitə çempionu ola bilir və hazırda U-17 komandası DÇ-nin pley-off mərhələsində Xorvatiyanı yenərək mübarizəni davam etdirir, biz isə iki top fərqi ilə uduzanda sevinirik. Onların uşaqları heç də bizimkilərdən istedadlı deyilər, sadəcə futbola münasibətləri peşəkar səviyyədədir. Özbəkistan futbolunun başbilənləri və klub rəhbərləri bizimkilər kimi bu günlə yaşamırlar və gələcəyi düşünürlər. Orada FİFA tərəfindən yüksək qiymət alan, illər öncə qurulan onlarla futbol akademiyası fəaliyyət göstərir və bu gün onun bəhrəsini görürlər. Bizdə isə heç biri də yoxdur. Bir dənə Qəbələdə akademiyaya oxşar nə isə var idi, heç olmasa milli çempionatda oynayacaq səviyyədə oyunçu yetişdirirdilər. O akademiyanı da dəfn etdilər. Özbəklərin klubları futbolçu yetişdirib transfer edərək pul qazanmaqla yanaşı, ölkə futboluna xeyir verirlər. Bizimkilər isə ortabab legionerlərə pullar xərcləyib komanda qurmaqla işlərini bitmiş sayırlar. Necə deyələr, ələ düşən girəvədən faydalanmağı çalışırlar, futbolçu yetişdirmək isə onlarlıq deyil. Klubların nəzdindəki uşaq komandaları isə gözdən pərdə asmaq üçündür. Qısası, futbolumuzun belə acınacaqlı duruma düşməsində bu sahədə çalışanların hər biri cavabdehlik daşıyır. Amma görünən odur ki, hər kəs sadəcə yola verib öz bildiyini etməkdədir. Arada səmimi və sadəlövh azarkeşlərin ümidləri puç olur, əsəbləri korlanır.