Nigeriya millisi Tunisi məğlub edərək Afrika Kubokunun pley-off mərhələsinə vəsiqəni təmin edib. Matçın ilk qoluna imza atan “Qalatasaray”ın forvardı Viktor Osimhen isə qol sevinci zamanı kiçik bir qalmaqala səbəb olub. Belə ki, o, tunislilərin məşqçilər korpusuna tərəf qaçaraq rəqib komandanın baş məşqçisi Sami Trabelsini təxribata çəkməyə çalışıb.
Buna səbəb isə Trabelsinin oyundan əvvəl verdiyi açıqlama olub. Belə ki, məşqçi planlarından danışarkən Osimheni “oyundan kənarlaşdırmağın” vacibliyini xüsusi vurğulamışdı. Görünür, nigeriyalı futbolçu bu sözləri özünə qarşı gizli bir təhdid kimi qəbul edib. Osimhen öz qol sevinci ilə onu “sıradan çıxarmağın” o qədər də asan olmadığını nümayiş etdirmək istəyib. Bu hərəkətinə görə futbolçu sarı vərəqə ilə cəzalandırılıb.