“Qalatasaray”ın nigeriyalı ulduzu Viktor Osimhen ağır zədəsinə baxmayaraq, tərəfdarları həyəcanlandıracaq iddialı bir qərar verib. Qol maşını, aprelin 26-da baş tutacaq kritik “Fənərbaxça” derbisini qaçırmamaq üçün tibbi riskləri gözə alıb.
Ötən həftə İstanbulda əlindən əməliyyat olunan 26 yaşlı hücumçunun vəziyyəti klubun baş həkimi Yener İncə tərəfindən anbaan izlənilir. Reabilitasiya prosesi plan üzrə getsə də, tibbi heyətin ilkin rəyi Osimhenin yaşıl meydanlardan 4-6 həftə uzaq qalacağı yönündədir. Mövcud proqnoza əsasən, nigeriyalı forvardın “Trabzonspor”, “Göztəpə”, “Kocaelispor”, “Gənclərbirliyi” oyunlarını buraxacaq.
Lakin Osimhenin hədəfi fərqlidir. O, çempionluq yolunda həlledici rol oynayan “Fənərbaxça” derbisində komandasını tək qoymaq niyyətində deyil. Ulduz futbolçu rəhbərliklə görüşərək qətiyyətini bu sözlərlə ifadə edib: “Nə olursa olsun, o derbidə sahədə olacağam!”
Bu mövsüm “sarı-qırmızılı” forma ilə möhtəşəm performans sərgiləyən Osimhen, superliqa və Çempionlar Liqasında çıxdığı 29 matçda 19 qol və 7 məhsuldar ötürmə ilə komandanın hücum xəttinin əsas qüvvəsi olduğunu sübut edib.