Mozambiklə matç zamanı komanda yoldaşı Ademola Lukmanla mübahisə edən Viktor Osimhen haqqında şok iddia ortaya atılıb. Nigeriya mətbuatı iddia edir ki, Osimhen Lukmanla mübahisə zamanı milli komandanı tərk edib Türkiyəyə qayıtmaqla hədələyib.
Afrika Millətlər Kubokunda Mozambiki 4:0 hesabı ilə məğlub edən Nigeriya seçməsində Viktor Osimhen və Ademola Lukman arasında baş verən insident gözlənilməz gərginliyə səbəb olub.
Nigeriya mətbuatının məlumatına görə, meydandakı epizodlardan biri ilə bağlı Lukmanla mübahisə edən Osimhen matçdan sonra paltardəyişmə otağını erkən tərk edərək avtobusda tək oturub. Bildirilir ki, komandadan heç kim ona yaxınlaşmayıb.
Xəbərin davamında ulduz futbolçunun texniki heyəti və federasiyanı milli komandadan ayrılıb Türkiyəyə qayıdacağı ilə hədələdiyi vurğulanır. Osimhenin rəsmi şəxslərə milli komanda ilə işinin bitdiyini və Türkiyəyə dönmək istədiyini dediyi iddia olunur. Nigeriya Futbol Federasiyasının yüksək rütbəli rəsmilərinin və federasiya prezidentinin ulduz oyunçu ilə əlaqə saxlayaraq onu sakitləşdirməyə çalışdıqları da qeyd edilir.