UEFA Çempionlar Liqasında 1/8 finalın bir addımlığında olan “Nyukasl Yunayted” cavab qarşılaşmasına itkilərlə, amma ruh yüksəkliyi ilə hazırlaşır. Ötən həftə Bakıda keçirilən ilk oyunda 6-1 hesablı darmadağınla mərhələni keçməyi faktiki olaraq təmin edən “sağsağanlar”, sabahkı oyun öncəsi vacib futbolçularının qayıdışı ilə güclənib.
Baş məşqçi Eddi Hau üçün ən böyük müjdə Sven Botman və Yoan Vissanın zədədən qayıdaraq komanda ilə məşqlərə başlaması olub. Son üç oyunu kənardan izləyən hər iki futbolçunun sabahkı matçda meydana çıxacağı gözlənilir:
Sven Botman: Belindəki ağrılar səbəbindən “Mançester Siti” ilə oyunu buraxan mərkəzi müdafiəçi artıq tam hazırdır. Malik Tiaun cəzalı olduğu üçün Botmanın müdafiənin mərkəzində Den Bernlə tərəf-müqabili olacağı gözlənilir.
Yoan Vissa: Məşqdə aldığı zədəni sağaldan hücumçu artıq kollektivlə birlikdədir. Onun sabah hücum xəttinin sivri ucunda yer alacağı ehtimal edilir.
Böyük üstünlüyə baxmayaraq, Eddi Haunun heyət seçimi hələ də məhduddur. Komandanın əsas sütunları sayılan bir neçə ulduz- Luis Mayli, Tino Livramento, Bruno Gimarayş və Fabian Şer zədə səbəbindən cavab oynunu buraxmalı olacaqlar.
Gərgin oyun qrafiki və Bakıdakı böyük hesablı qələbə Eddi Hauya gənc istedadları sınamaq şansı verir. Bakıda debüt edən Şon Niv ilə yanaşı, Leo Şahar, Aleks Mörfi və Park Sunq-su kimi gənclərin sabah “Sent-Ceyms Park”da azarkeşlər önünə çıxması gözlənilir.