Məşhur idman şərhçisi və keçmiş futbolçu Nihat Kahveçi, “Qalatasaray”ın “RAMS Başakşehir” üzərində qazandığı 3-0 hesablı parlaq qələbəni “Kontraspor” YouTube kanalında analiz edib. Kahveçi, komandadakı atmosferdən, Barış Alperin performansından və azarkeşlərin yeni kumirindən bəhs edərək maraqlı fikirlər səsləndirib.
Nihat Kahveçinin ən diqqətçəkən şərhi azarkeşlərin sevgisi ilə bağlı olub. O, komandanın ulduzu Viktor Osimhenin populyarlığına eyham vuraraq, qış transfer pəncərəsində heyətə qatılan Nqahanın artıq tribuna sevimlisinə çevrildiyini qeyd edib: “Kimsə deməsin ki, ‘Qalatasaray’ın ən sevimli futbolçusu Osimhendir. Bu matçda bir daha sübut olundu ki, azarkeşlərin qəlbindəki bir nömrəli isim Nqahadır. Bunu bir az yumorla deyirəm, amma həqiqət payı böyükdür. Nqaha ilk dəfə stadiona addım atanda, topa toxunduğu ilk an tribuna sanki partladı. Bu gün də eyni mənzərənin şahidi olduq. O, həm bu sevgiyə qol ilə cavab verdi, həm də komandaya necə sürət qatdığını göstərdi. Alanyaspor səfərindəki performansı da təsadüfi deyildi”.
Milli futbolçu Barış Alper Yılmazın enerjisini yüksək qiymətləndirən Kahveçi, onun həm Superliqada, həm də Avropada fərq yaratdığını vurulayıb:
“Barış Alper təslim olmayan bir oyunçudur. Onun atletizmi və qələbə əzmi Superliqa standartlarının çox üstündədir. O, sol cinah müdafiəçisi mövqeyində elə bir səviyyəyə çatıb ki, artıq rəqiblərinə ən çox sarı kart göstərtdirən ‘model oyunçu’ hesab olunur. Çempionlar Liqasında belə bir profil yaratmaq inanılmazdır“.
“Qalatasaray”ın qapısını qoruyan Uğurcan Çakır haqqında danışarkən Kahveçi onu klubun əfsanəvi qolkiperləri ilə eyni sıraya qoyub: “Uğurcan sadəcə qapıçı deyil; o, həm libero, həm “6 nömrə”, həm də hücumun başlanğıc nöqtəsidir. Geridən verdiyi paslar, oyunu oxuması və Barış kimi sürətli oyunçulara ünvanladığı dəqiq ötürmələr dərslik mahiyyətindədir. Simoviç, Taffarel, Mondraqon və Musleradan sonra Uğurcan öz adını addım-addım klubun tarixinə yazdırır. Həm peşəkarlığı, həm də bəyliyi ilə bu komandaya çox yaraşır”.