Azərbaycanın gənclər yığmasının (U-21) üzvü Həsən Nəzərli karyerası ilə bağlı mühüm açıqlama verib. Hazırda Türkiyənin “Ankaragücü” klubunda çıxış edən futbolçu yay transfer pəncərəsində komandadan ayrılacağını bəyan edib.
Klubdakı gələcəyinə toxunan gənc oyunçu ayrılıq səbəbini belə izah edib: “Klubdakı durumum yaxşı olsa da, böyük ehtimalla bu yay komandanı tərk edəcəyəm. Buna əsas səbəb Türkiyədəki legioner limiti ilə bağlı yaranan çətinliklərdir. Artıq bəzi təkliflər almışam və transfer dövründə onları dəyərləndirəcəyəm. Niyyətim karyeramı Türkiyədən kənarda, Avropada davam etdirməkdir“.
U-21 yığmasının təlim-məşq toplanışında iştirak edən Nəzərli komandanın hazırlıq prosesinə də toxunub: “Dünən ilk məşqimizə çıxdıq, bu gün isə hazırlıqları davam etdirdik. Əsas hədəfimiz qarşıdakı oyunlarda maksimum nəticə göstərmək və qələbə qazanmaqdır. Bunun üçün bütün gücümüzü səfərbər edəcəyik”.Xatırladım ki, U-21 yığması yanvarın 16-da “Səbail”, 17-də isə “Şamaxı” ilə yoxlama oyunu keçirəcək.