İspaniya La Liqasının 31-ci turunda “Malyorka” öz meydanında “Rayo Valyekano”nu qəbul edib. Qarşılaşma meydan sahiblərinin kosovolu hücumçusu Vedat Muriçin tarixi performansı ilə yadda qalıb. Təcrübəli forvard vurduğu qollarla həm komandasını təhlükəli zonadan uzaqlaşdırıb, həm də klubun tarixinə adını qızıl hərflərlə yazdırıb.
Matçın 36-cı dəqiqəsində künc zərbəsindən sonra uzaq dirəkdə topu tora qovuşduran Muriçi, hesabı açıb. Bu qoldan cəmi 4 dəqiqə sonra Luvumbonun başladığı hücumu dəqiq zərbə ilə tamamlayan 31 yaşlı hücumçu dublunu rəsmiləşdirib.
Bu qollarla La Liqada “Malyorka” forması ilə vurduğu qolların sayını 55-ə çatdıran Vedat Muriç, dünya futbolunun əfsanəsi Samuel Eto’o-nun (54 qol) rekordunu qıraraq, klubun İspaniya çempionatı tarixindəki ən məhsuldar oyunçusu olub.
“Son Moiks” stadionunu dolduran minlərlə azarkeş kosovolu ulduzun bu uğurunu ayaqüstə alqışlayıb. Stadionda səslənən “Muriç, qızıl top!” sədaları futbolçunun özünü də təəccübləndirib. Oyunsonrası müsahibəsində azarkeşlərin bu sevgisinə yumorla yanaşan Muriç belə deyib: “Bu insanlar, həqiqətən, dəli olublar! Mən hara, “Qızıl top” hara? Bu torpağa ayaq basdığım ilk gündən bəri azarkeşlərimizi və klubumuzu çox sevirəm. Onların mənə olan bu dəyəri qürurvericidir, amma “Qızıl top” məsələsi reallıqdan bir qədər uzaqdır“.Muriçin dublu sayəsində qazanılan bu qələbə “Malyorka”ya nəfəs aldıraraq onları aşağı pillələrdən uzaqlaşdırıb. Şəhərin yeni qəhrəmanına çevrilən hücumçu, klubun simvollarından biri olduğunu bir daha sübut edib.