Qətərin paytaxtı Doha şəhərində şahmatın rapid və blits növləri üzrə dünya çempionatı gərgin mübarizə ilə davam edir. Artıq turnirin ilk üç gününü əhatə edən rapid yarışlarına yekun vurulub.
Kişilərin rapid yarışının qalibi 16-cı dünya çempionu Maqnus Karlsen olub. Norveçli qrossmeyster 13 turdan 10,5 xal toplayaraq növbəti dəfə dünya çempionu tituluna sahib çıxıb.
Gümüş medal uğrunda mübarizədə isə rusiyalı Vladislav Artemyev tay-breykdə hindistanlı gənc ulduz Arjun Eriqaisini məğlub edib. Eriqaisi isə bürünc medalla kifayətlənib.
Azərbaycan şahmatçıları arasında ən yüksək nəticəni Şəhriyar Məmmədyarov göstərib. Təcrübəli qrossmeysterimiz 13 mümkün xaldan 9-nu toplayaraq yarışı 13-cü pillədə başa vurub.
Qadınların mübarizəsində isə rusiyalı Aleksandra Qoryaçkina 8,5 xalla dünya çempionu olub. Qadın təmsilçimizdən ən yaxşı nəticəni 6,5 xal toplayan Günay Məmmədzadə göstərib. O, turniri 34-cü pillədə başa vurub.
Bu gündən etibarən çempionatın ən dinamik və həyəcanlı hissəsi — blits yarışları start götürür. İki gün davam edəcək bu marafonun ilk günündə (mundialın 4-cü günü) kişilər yarışında 19 turdan 13-ü, qadınların turnirində isə 15 turdan 10-u oynanılacaq.
Şahmatçılarımız blits reytinqlərinin yüksək olması səbəbindən bu növdə medala daha yaxın hesab olunurlar. Xüsusilə Şəhriyar Məmmədyarovun blitsdəki aqressiv və sürətli oyunu azarkeşlər tərəfindən böyük maraqla gözlənilir.