Portuqaliya çempionatının mərkəzi qarşılaşmasında “Benfika” öz meydanında “Portu”nu qəbul edib. Gərgin keçən “O Klasiko”da Lissabon təmsilçisi 0:2 hesabı ilə geridə olsa da, əzmkar xarakter nümayiş etdirərək hesabı bərabərləşdirib – 2:2.
Oyunun son dəqiqələrində “Benfika”nın baş məşqçisi Joze Mourinyu rəqib komandanın texniki zonası ilə yaşanan mübahisəyə görə qırmızı vərəqə ilə cəzalandırılıb. Təcrübəli mütəxəssis matçdan sonra baş verənlərə və ona ünvanlanan ittihamlara kəskin reaksiya verib: “Rəqib skamyasındakı bir şəxs mənə 50 dəfə “xain” dedi. Bunun izahını istəyirəm: mən niyə xainəm? “Portu”da çalışanda bu komanda üçün ruhumu qoymuşdum. Sonra “Çelsi”, “İnter”, “Real” və “Fənərbaxça”da da eyni fədakarlıqla işləmişəm. Mən hər zaman işimə maksimum bağlılıq nümayiş etdirirəm – peşəkarlıq məhz budur. Azarkeşlərin təhqirlərini bir növ anlamaq olar, amma həmkarımın mənə xain deməsi qəbulolunmazdır. İndi “Benfika”nın uğuru üçün əlimdən gələni edirəm deyə xain sayılıram? Sabah “Eştrela Amadora”, “Unian Leyriya” və ya “Moreyrenşe”ni çalışdıra bilərəm və orada da eyni ehtirasla işləyəcəm. Bu ittihamlar mənim heç xoşuma gəlmədi”.
Xatırladaq ki, “Xüsusi” ləqəbli məşqçi ötən ilin payızından “Benfika”ya rəhbərlik edir. O, 2002-2004-cü illərdə “Portu” ilə UEFA Kuboku və Çempionlar Liqasını qazanaraq dünya futbolunda adından söz etdirmişdi.