«Benfika»nın baş məşqçisi Joze Mourinyo, Çempionlar Liqasının ilk pley-off matçında «Real»a uduzduqları (0:1) oyunda meydandan qovulmasına sərt reaksiya verib.
Matçın 85-ci dəqiqəsində «Real»ın ulduzu Vinisius Junior rəqibini aşkar şəkildə yıxsa da, hakim Fransua Leteksye ona ikinci sarı vərəqəni göstərməyib. Qeyd edək ki, braziliyalı ilk sarı vərəqəsini 50-ci dəqiqədə qol sevincini künc bayrağı ilə “qeyri-etik” rəqs edərək qeyd etdiyi üçün almışdı.
Mourinyonun hakimə etirazı isə ona baha başa gəlib. O, bir neçə saniyə içində ardıcıl iki sarı vərəqə alaraq texniki zonadan qovulub.
Mourinyo oyunsonu müsahibəsində hakimləri qərəzli olmaqda günahlandırıb: “Məni hər kəsin gördüyü həqiqəti dediyim üçün qovdular. Hakimin əlində xüsusi bir siyahı var idi. Orada yazılmışdı ki, Çuameni, Heyzen və Karreras sarı vərəqə almamalıdırlar. Çünki vərəqə alsaydılar, cavab oyununu buraxmalı olacaqdılar.
Mən 1400 oyuna çıxmışam, futbolun pərdəarxasında nələrin baş verdiyini, kimə vərəqə göstərməyin ‘qadağan’ olduğunu yaxşı bilirəm. Bəli, «Real» qalib gəldi, amma biz bu sistemin necə işlədiyini bilirik”.
Məşqçi cavab oyununda komandasının yanında ola bilməyəcəyi üçün üzgün olduğunu bildirib: “Paltardəyişmə otağına girə bilməyəcəyəm, oyunçularımla danışa bilməyəcəyəm. Çətindir, amma köməkçilərim bu yükü çiyinlərinə götürəcəklər”.