“Real”ının hücumçusu Kilian Mbappe, Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Benfika” ilə keçirilən ilk oyunda (1:0) komanda yoldaşı Vinisius Juniorun irqçi təhqirlərə məruz qalması ilə bağlı UEFA-ya müraciət edib.
“Marca” nəşrinin məlumatına görə, fransalı ulduz baş verən insidentlə bağlı kəskin mövqe nümayiş etdirib: “Mənim konkret olaraq kluba və ya baş məşqçi Mourinyoya qarşı heç bir iddiam yoxdur. O, çox güclü mütəxəssisdir. Lakin belə davranışa yol verən futbolçu bu səviyyəli turnirdə çıxış etməməlidir. Ümid edirəm ki, UEFA zəruri tədbirlər görəcək. Bu epizod dərindən araşdırılmalıdır”.
Eyni zamanda, Braziliya Futbol Konfederasiyası (CBF) da irqçilik qurbanı olan ulduz forvardına dəstək bəyanatı yayımlayıb: “Çempionlar Liqası matçında vurduğu qoldan sonra irqçi hücumlarla üzləşən Vinisiusla həmrəy olduğumuzu bildiririk. İrqçilik cinayətdir! Belə hallara yol vermək yolverilməzdir. Vini, sən tək deyilsən. Səninlə hər zaman qürur duyacağıq. Biz yanındayıq”.
Xatırladaq ki, daha əvvəl “Benfika”nın oyunçusu Canluka Prestiannin matç zamanı Vinisiusu təhqir etdiyi barədə məlumatlar yayılmışdı.