Premyer Liqanın 19-cu turunda “Sabah” öz meydanında “Araz-Naxçıvan”ı 4:1 hesabı ilə darmadağın etdi. Matçdan sonra paytaxt təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırarkən həm qələbəni dəyərləndirib, həm də mətbuatın yanaşmasına qarşı sərt etirazını bildirib.
Litvalı mütəxəssis komandasının oyunundan razı qaldığını və futbolçuların yüksək motivasiyasını xüsusi vurğulayıb: “Möhtəşəm qələbə qazandıq. Futbolçular bu gün nə qədər istəkli olduqlarını və qələbəyə necə ac olduqlarını nümayiş etdirdilər. Bizim məğlub etdiyimiz “Zirə” və “Araz-Naxçıvan” top-komandalardır və heyətlərində çox təcrübəli oyunçular var”.
Mətbuat konfransında “Qarabağ” – “Neftçi” oyunun təxirə salınma ehtimalı və bunun çempionluq yarışına təsiri barədə verilən sual baş məşqçini qəzəbləndirib. Dambrauskas bu sualı özünə və komandasına qarşı hörmətsizlik kimi qiymətləndirib: “Mən “Qarabağ”ın baş məşqçisi deyiləm. Bu suala cavab vermək istəmirəm. Mən “Sabah”ın məşqçisiyəm və bura öz klubum haqqında danışmağa gəlmişəm. Niyə mənə daim “Qarabağ” haqqında suallar verirsiniz? Hörmət nümayiş etdirin. Əgər rəqib haqqında soruşmaq istəyirsinizsə, onların oyununa gedin və sualınızı öz məşqçilərinə ünvanlayın. “Sabah”ın oyununa gəlib başqa komandadan danışmaq hörmətsizlikdir. Bu ölkədə təkcə “Qarabağ” yox, başqa klublar da var”.
Oyunun təxirə salınmasının ədalətsiz olub-olmaması ilə bağlı suala isə o, qısa cavab verib: “Təqvimi mən tərtib etmirəm. Bunu federasiyadan və liqa təşkilatçılarından soruşun”.
Komandanın erkən qollardan sonra tempini aşağı salması ilə bağlı tənqidlərə Dambrauskas yumoristik, həm də məntiqli yanaşma nümayiş etdirib: “Əsla oyunçulara gücünüzə qənaət edin demirəm. İstərdim ki, komandam hər oyunda 10 qol vursun, amma dünyanın heç bir liqasında bu, mümkün deyil. Əgər 4-5 qol vururuqsa, bu az deyil. Əvvəllər hesab 0:0 və ya 1:0 olanda soruşurdunuz ki, niyə məhsuldarlıq aşağıdır. İndi dörd qol vururuq, soruşursunuz ki, niyə beşinci yoxdur”.