Bakıda 4 cavabsız qolla qalib gələn Portuqaliya U-21 millisinin baş məşqçisi Luış Freyre oyundan sonra maraqlı etirafları ilə diqqət çəkib. Portuqaliyalı mütəxəssis böyükhesablı qələbəyə rəğmən, Azərbaycan seçməsinin sürətli hücum xəttinin onlarda ciddi narahatlıq yaratdığını gizlətməyib.
“Bakı səfərinin asan keçməyəcəyini əvvəlcədən bilirdik. Azərbaycan millisi hər oyunda meydanda maksimum gücünü qoymağa çalışan komandadır. Xüsusilə hücum xəttində kifayət qədər sürətli futbolçular yer alıb. Buna görə də müdafiədə çox diqqətli və intizamlı oynamalıydıq. Futbolçularımız yaradılan imkanlardan maksimum yararlanmağı bacardılar. İkinci hissədə isə rəqibin yorulduğu hiss olunurdu. Müdafiəyə çəkilmələri bizim işimizi asanlaşdırdı və hesabı artırmağa nail olduq”, – deyə Freyre bildirib.
Təcrübəli mütəxəssis həmyerlisi Ruy Jorjenin Azərbaycanın U-20 millisinin sükanı arxasına keçməsinə də münasibət bildirib. O, Jorjenin bu təyinat üçün ən doğru seçim olduğunu vurğulayıb: “Ruy Jorje böyük təcrübəyə malik məşqçidir. O, uzun illər Portuqaliya U-21 millisinə rəhbərlik edib və iki dəfə Avropa çempionatının finalında mübarizə aparıb. Onun bu təcrübəsi Azərbaycan futbolu üçün çox faydalı olacaq. Hesab edirəm ki, o, qarşısına qoyulan tapşırıqların öhdəsindən layiqincə gələcək”.