DÇ-2026-nın pley-off mərhələsi çərçivəsində Albaniya ilə keçirilən gərgin matç (2:1) Polşa futbolunun canlı əfsanəsi Robert Levandovski üçün emosional zirvə nöqtəsi olub. Matç boyu çox da gözə çarpmayan 37 yaşlı forvard, 63-cü dəqiqədə vurduğu qolla komandasının qələbəsində pay sahibi olub.
Lakin oyunun əsl dramı final fitindən sonra yaşanıb. “Meczyki” nəşrinin obyektivlərinə tuş gələn görüntülərdə Levandovskinin azarkeşlərə təşəkkür edərkən göz yaşlarına hakim ola bilmədiyi aydın görünür. Jurnalist Sebastian Staşevski Robertin “Kadr”dakı gələcəyinin hələlik təhlükədə olmadığını bildirsə də, kapitanın bu reaksiyası onun milli komandanın taleyinə görə nə qədər böyük məsuliyyət və stress hiss etdiyini ortaya qoyur.
Levandovski milli forma ilə statistikalarını yeniləməyə davam edir. O, yığmada 164 oyunda meydana çıxıb və 89 qol vurub. İndi bütün diqqətlər martın 31-nə yönəlib. Həmin gün Polşa millisi DÇ-2026-ya vəsiqə uğrunda pley-off mərhələsinin həlledici finalında İsveçlə qarşılaşacaq.