“Turan Tovuz” növbəti transferini reallaşdırmağa yaxındır. Tovuz təmsilçisi ingiltərəli vinger Coş Ginnellini heyətinə qatmağı planlaşdırır.
Hazırda komandanın düşərgəsində olan 28 yaşlı hücumameyilli futbolçu ilə danışıqlar davam edir. Tərəflərin yaxın vaxtlarda ortaq məxrəcə gələcəyi gözlənilsə də, hələlik rəsmi müqavilə imzalanmayıb.
Ginnellinin son dayanacağı ötən ilin sentyabrında yollarını ayırdığı “Suonsi” klubu olub. Həmin vaxtdan bəri azad agent olan vinger, karyerası ərzində İngiltərənin “Preston”, “Bristol Rovers” və Şotlandiyanın “Harts” kimi köklü klublarında forma geyinib. Xüsusilə “Harts”dakı çıxışı ilə yadda qalan futbolçu, yüksək sürəti, texnikası və hər iki cinahda effektiv oynaması ilə seçilir.
Onun “Suonsi”dən ayrılmasının və bir ilə yaxın yaşıl meydanlardan uzaq qalmasının əsas səbəbi ağır zədə — axilles vətərinin qopması olub. Bu səbəbdən “Turan Tovuz” rəhbərliyi və tibbi heyəti futbolçunun hazırkı fiziki durumunu incəliklə araşdırır. Müqavilənin taleyi birbaşa tibbi yoxlanışın nəticələrindən asılı olacaq.
Təcrübəli mütəxəssis Kurban Berdiyevin rəhbərliyi altında transfer siyasətini dəyişən Tovuz klubu, bu mövsüm daha çox Avropa təcrübəsi olan legionerlərə üstünlük verir. Coş Ginnelli transferi həm bu strategiyanın tərkib hissəsi, həm də komandanın hücum potensialını artırmaq üçün atılan önəmli bir addım kimi dəyərləndirilir.