“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo futbol klubu almağa hazırlaşır. “MatchDay Central”ın yaydığı məlumata görə, portuqaliyalı ulduz yaxın dostuna ən böyük arzusunun bir zamanlar formasını geyindiyi “Mançester Yunayted”in sahibi olmaq olduğunu bildirib.
Ronaldo gələcəkdə “Old Trafford”a futbolçu kimi deyil, məhz klubun sahibi qismində qayıdacağına inanır.
Kriştiano Ronaldo 2003–2009 və 2021–2022-ci illər aralığında “Mançester Yunayted”də çıxış edib. O, “qırmızı şeytanlar”ın heyətində ümumilikdə 346 matça çıxıb, 145 qol vurub və 73 məhsuldar ötürmə edib. Portuqaliyalı hücumçu bu klubla birgə 9 titul qazanıb ki, bunların arasında Çempionlar Liqası qələbəsi və 3 Premyer Liqa çempionluğu da var.