Bundesliqasının “Leypsiq” – “Bavariya” matçı öncəsi meydanda nadir rast gəlinən emosional anlar yaşanıb. “Leypsiq”in təcrübəli futbolçusu Kevin Kampl stadiona toplaşan azarkeşlərlə vidalaşıb.
8.5 illik sədaqətin sonu
Bu həftə şəxsi səbəblərdən dolayı klubu ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edən Kampl, 8,5 illik karyerasına nöqtə qoyub. Oyunun start fitindən əvvəl mikrofona yaxınlaşan futbolçu, illər boyu ona göstərilən dəstəyə görə fanatlara təşəkkür edib. O, “Leypsiq”in onun üçün əsl evə çevrildiyini və həm bir oyunçu, həm də bir insan kimi bu sevgini yüksək qiymətləndirdiyini vurğulayıb.
Simvolik rəqəm: 4444 litr
Kampl azarkeşlərin sədaqətinə jest olaraq, matçdan əvvəl onlara 4444 litr pulsuz pivə paylayıb. Bu rəqəmin seçilməsi təsadüfi deyil. Belə ki, futbolçu karyerası boyu “Leypsiq”də çıxış etdiyi 44 nömrəli formaya ithafən bu miqdarda qərar verib.
Bu addım həm azarkeşlər, həm də Almaniya mətbuatında böyük rəğbətlə qarşılanıb və Bundesliqa tarixinə ən yaddaqalan vidalaşma anlarından biri kimi düşüb.