“Qarabağ”ın forvardı Kamilo Duran karyerasında mühüm bir uğura imza atıb. “Köhlən atlar”ın heyətində nümayiş etdirdiyi məhsuldar oyunla diqqətləri üzərinə çəkən 24 yaşlı hücumçu, Kolumbiya milli komandasına dəvət alıb.
Azərbaycan Premyer Liqasında və beynəlxalq arenadakı çıxışı ilə seçilən Duran, Kolumbiya millisinin baş məşqçisi Nestor Lorentsonun rəğbətini qazanmağı bacarıb. Baş məşqçinin qərarı ilə gənc forvard komandanın ABŞ-ın Orlando şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.
Kamilo Duranı milli komandadakı debüt toplanışında olduqca ciddi sınaqlar gözləyir. Kolumbiya yığması hazırlıq çərçivəsində iki möhtəşəm yoldaşlıq görüşünə çıxacaq:
26 mart: Kolumbiya – Xorvatiya (Orlando, ABŞ)
29 mart: Kolumbiya – Fransa
Yeri gəlmişkən, bu, 24 yaşlı Duran üçün ölkəsinin əsas yığmasına ilk dəvətdir. “Qarabağ”ın hücumçusunun Xorvatiya və ya Fransa ilə oyunlarda meydana çıxıb-çıxmayacağı həm yerli, həm də Kolumbiya mətbuatının maraq dairəsindədir.