“Kəpəz”in baş məşqçisi Azər Bağırov, Premyer Liqanın 20-ci turunda “Neftçi”yə məğlubiyyətdən (1:3) sonra fikirlərini bölüşüb.
• Oyunun gedişatı: “Təəssüf ki, ilk hissədə planlaşdırdıqlarımızı həyata keçirə bilmədik. Çox bəsit qollar buraxdıq. Bu, üzücüdür. Daha ciddi və məsuliyyətli olmalıyıq”.
• Qapıçı məsələsi: “Hər oyundan əvvəl məşqçilər ilə heyəti, xüsusən də qapıçı mövqeyini müzakirə edirik. Bu gün Yusif İmanov səhvlərə yol verdi. “Turan-Tovuz”la matçda da səhvi olmuşdu. Təhlil edib, yekun qərarımızı verəcəyik”.
• Heyət və transferlər: “Yuri Vernidubla bir ukraynalı məşqçi barədə danışmışıq. Oxoriyə gəlincə, gözündə problem olduğu üçün ona istirahət verdik. Rəhbərliklə heç bir problemimiz yoxdur, hər şey qaydasındadır”.
• Bentonun gedişi: “Qış fasiləsində Bentonun gedişi bizə ciddi təsir etdi. Sadəcə 3 ay üçün legioner gətirə bilmirik. Amma əminəm ki, “Kəpəz” Premyer Liqada qalacaq”.
• Rəqiblərlə müqayisə: “Hər oyunda “Kəpəz”in xal qazanacağını gözləyənlərə sualım var: bəyəm bizim imkanlarımız “Neftçi” və ya “Sabah”la eynidir? Vitora həyat yoldaşının doğuşu ilə əlaqədar Braziliyaya getməyə icazə verdik. Eyni addımı Bento üçün də ata bilərdik, lakin o, icazəsiz getdi və komandanı çətin vəziyyətdə qoydu. Klubun ona heç bir borcu yoxdur”.