Premyer Liqanın 23-cü turu çərçivəsində keçirilən “Şamaxı” – “İmişli” matçından (0:0) sonra qonaq komandanın baş məşqçisi Jorje Kaşkilya oyunla bağlı fikirlərini bölüşüb.
Portuqaliyalı mütəxəssis qarşılaşmanın gərgin mübarizə şəraitində keçdiyini vurğulayıb: “Olduqca döyüşkən bir oyun izlədik. Rəqib komandanın daha çox uzun ötürmələrə üstünlük verəcəyini bilirdik və buna hazır idik. Xüsusilə matçın son 30 dəqiqəsində qol vurmaq üçün hücum xəttində təzyiqi artırdıq. Əlimizə bir neçə real qol imkanı düşsə də, təəssüf ki, onlardan yararlana bilmədik”.
Kaşkilya rəqibin sərt oyununa və hakimin bu duruma münasibətinə də toxunub: “Rəqib futbolçular qayda pozuntularına çox yol verirdilər, hakim isə onların sərt oyununa şərait yaradırdı. Biz görüşün tempini yüksəltməyə çalışsaq da, tez-tez baş verən folllar oyunun axarına mane olurdu. Əslində, səfərdə qazanılan bir xal pis nəticə deyil, lakin biz bura qələbə üçün gəlmişdik. Buna görə də hesabla tam razı olduğumu deyə bilmərəm”.”İmişli”nin son turlarda qələbə qazana bilməməsi və qol qıtlığı yaşaması barədə sualları cavablandıran baş məşqçi, komandasının ümumi çıxışını müsbət qiymətləndirib: “Hücum xəttində yaradıcılığı artıracaq futbolçu çatışmazlığı yaşadığımız bir reallıqdır. Unutmayaq ki, biz Birinci Liqadan yeni yüksəlmişik və artıq aktivimizdə 22 xal var. Bu, debütant üçün yaxşı göstəricidir. Turnir cədvəlindəki mövqeyimiz də qənaətbəxşdir. Düzdür, son vaxtlar qalib gələ bilmirik, amma məğlub da olmuruq. Hazırda əsas hədəfimiz rəqiblərin bizə çatmasına imkan verməməkdir. Bütün oyunçularım meydanda 100 faiz güclərini qoyurlar və nümayiş etdirdiyimiz futboldan razıyam”.