Premyer Liqanın 22-ci turu çərçivəsində keçirilən “İmişli” – “Turan-Tovuz” matçından (0:0) sonra ev sahiblərinin baş məşqçisi Jorje Kaşkilya oyunla bağlı fikirlərini bölüşüb. Portuqaliyalı mütəxəssis rəqibin gücünü qeyd etməklə yanaşı, komandasının çıxışından razı qaldığını deyib.
Baş məşqçi “Turan Tovuz”un son vaxtlar göstərdiyi performansa diqqət çəkərək, oyunun çətin keçdiyini vurğulayıb: “Taktiki planda yüksək səviyyədə çıxış etdik. Belə çətin rəqibə qarşı mübarizə aparmaq asan deyil. “Turan-Tovuz” son matçlarda ardıcıl qələbələr qazanmışdı və psixoloji cəhətdən çox yaxşı vəziyyətdə idi. Onların heyətində fiziki cəhətdən çox güclü futbolçular var və bu mənada bizdən üstün idilər”.
Kaşkilya hər iki hissədəki fərqli mənzərəyə də toxunub. O, rəqibin təcrübəli müdafiə xəttinin işlərini çətinləşdirdiyini qeyd edib: “Oyunun ilk yarısında bir neçə real qol epizodu yaratmağı bacardıq. Fasilədən sonra müəyyən çətinliklərlə üzləşdik. Rəqibin mərkəz müdafiəçiləri həm çox güclü, həm də təcrübəlidirlər”.
Qələbə qazanmaq istədiklərini deyən məşqçi, yekun nəticəni qənaətbəxş hesab edib: “Biz meydana üç xal üçün çıxmışdıq, lakin qarşılaşmanın gedişatından və göstərdiyimiz oyundan razıyam. Rəqibin avrokuboklar uğrunda mübarizə apardığını və heyət keyfiyyətini nəzərə alsaq, bu heç-heçə bizim üçün müsbət nəticədir”.