Premyer Liqasının son turunda “Qəbələ” üzərində qazanılan minimal hesablı qələbə (1:0) “İmişli” düşərgəsində bayram əhval-ruhiyyəsi yaradıb. Turnir cədvəlindəki mövqeyini qorumaq üçün hər xalın önəmli olduğu bir məqamda rəqib meydanından 3 xalla dönən komandanın baş məşqçisi Jorje Kaşkilya mətbuat qarşısına çıxıb. Portuqaliyalı mütəxəssis qələbəni həm klub rəhbərliyinə hədiyyə edib, həm də tənqidçi media nümayəndələrinə öz cavabını meydanda verdiklərini bildirib.
Portuqaliyalı mütəxəssis ilk növbədə futbolçularını və azarkeşləri təbrik edərək, komandasının psixoloji durumuna toxunub: “Uşaqları bu möhtəşəm nəticə münasibətilə təbrik edirəm. Azarkeşlərimizə də xüsusi təşəkkür düşür; sayca az olsalar da, dəstəklərini hər an hiss etdirirlər. “Neftçi”yə ağır məğlubiyyətdən (0:6) sonra komandada böyük ruh düşkünlüyü yaranmışdı. Lakin futbolçularım əsl xarakter nümayiş etdirərək ayağa qalxmağı bacardılar. Son iki çətin oyunda 4 xal topladıq ki, bu da bizim üçün həyati əhəmiyyət kəsb edirdi” .
Kaşkilya, komandanın ünvanına səslənən tənqidlərə də toxunaraq, ad çəkmədiyi bir media nümayəndəsinə ismarış göndərib: “Buradan bir jurnalistə səslənmək istəyirəm. “Neftçi” ilə oyundan sonra bizə ‘“Turan-Tovuz”la matçda 0:7 hesabına hazırsınızmı?” sualını vermişdi. Bax, bugünkü nəticə həmin jurnalistə bizim cavabımızdır. Təəssüf ki, o, hazırda burada deyil” .
Oyunun gedişatını analiz edən baş məşqçi, seçdikləri strategiyanın özünü doğrultduğunu qeyd edib: “Qəbələ”nin sürətli əks-hücumlarını neytrallaşdırdıq. Belə oyunlarda qol imkanı az olur, daha çox taktiki mübarizə gedir. Hesabı açdıqdan sonra oyunun ritmini özümüz diktə etməyə çalışdıq və rəqibə real qol epizodları vermədik. Bu çətin qələbəni klub prezidentimizin ad gününə həsr edirik”.
Jorje Kaşkilya komandanın liqadakı hədəfləri barədə danışarkən, mübarizənin sonadək davam edəcəyini bildirib: “Bizi nə qələbəyə daşıdı? Əlbəttə ki, iradə və mübarizə əzmi. Hazırda əsas hədəfimiz Premyer Liqada yerimizi qorumaqdır. “Karvan-Yevlax”, “Qəbələ” və “Kəpəz” kimi köklü klublarla rəqabətdəyik. 26 xalımız var və turnir cədvəlində mövqeyimizi itirməmişik. Mübarizə hələ önümüzdədir”.