“Benfika”nın baş məşqçisi Joje Mourinyo Çempionlar Liqasının “Real”a qarşı keçiriləcək prinsipial qarşılaşmasından bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib. Portuqaliyalı mütəxəssisin qulağında problem yaranıb.
“DefensaCentral” nəşrinin məlumatına görə, təcrübəli məşqçi yüngül infeksiya səbəbindən tibbi müəssisəyə yollanıb. Həkimlər sağlamlıq üçün ciddi bir təhlükə aşkar etməyiblər. Mourinyo xəstəxanada təxminən bir saat qalıb, lazımi müalicə və dərmanları qəbul etdikdən sonra dərhal işinin başına dönüb.
Bu xoşagəlməz hadisəyə baxmayaraq, baş məşqçi artıq çempionatda “Santa-Klara”ya qarşı oyunda (2:1 hesablı qələbə) komandasının yanında olub.
Mourinyo Çempionlar Liqasında “Real”la oyunu qaçırmayacağını və “Bernabeu”da texniki zonada yer alacağını təsdiqləyib. Bu, onun 2013-cü ildə Madrid klubundan ayrıldıqdan sonra həmin arenaya ilk qayıdışı olacaq.
Beləliklə, gözlənilən qarşılaşma əlavə maraq kəsb edir – Mourinyo məşqçilik karyerasında silinməz izlər qoyduğu stadiona yenidən rəqib qismində ayaq basacaq.