Premyer Liqanın 24-cü turunda “Şamaxı”ya minimal hesabla (0:1) məğlub olan “Sumqayıt”da sular durulmur. Oyunsonrası mətbuat konfransında “kimyaçılar”ın baş məşqçisi Saşa İliç komandadakı mövcud durum, transfer uğursuzluqları və gələcək planları barədə səmimi açıqlamalarla yadda qalıb.
Serbiyalı mütəxəssis “Şamaxı” ilə oyunların həmişə çətin keçdiyini vurğulayaraq, komandasının oyununda irəliləyiş hiss etdiyini bildirib: “Şamaxı”ya qarşı oynamaq hər zaman çətindir. Bu gün meydanda mübarizə aparan, qələbə üçün çalışan bir komanda var idi. Şanslarımız oldu, lakin onlardan yararlana bilmədik. Futbolçuların istəksiz olduğunu deyə bilmərəm, onlar vuruşurlar. Düzünü desəm, bu qədər cəhdə rəğmən niyə qalib gələ bilmədiyimizi anlamaqda çətinlik çəkirəm. Lakin bugünkü oyunumuz əvvəlki turlara nisbətən daha keyfiyyətli idi”.
İliç uğursuzluqların kökündə həm də qış fasiləsində heyətin gücləndirilə bilməməsinin dayandığını etiraf edib. O, rəhbərliklə bu mövzuda müzakirələr aparılsa da, istənilən keçidlərin baş tutmadığını qeyd edib: “Heyəti yeni oyunçularla gücləndirmək niyyətində idik, lakin təəssüf ki, bu alınmadı. Bu amil hazırkı nəticələrimizdə öz sözünü deyir. Futbolda kadr potensialı həlledici rol oynayır”.
Turnir cədvəlindəki mövqeyə toxunan baş məşqçi, avrokuboklara vəsiqə qazanmaq şanslarının minimuma endiyini gizlətməyib. O, artıq gələcəyə fokuslanmağın vaxtı çatdığını işarə edib: “Avropa zonasına düşmək şanslarımız getdikcə azalır. Əgər əsas heyətlə nəticə qazana bilmiriksə, deməli, gənclərə daha çox şans verməyin vaxtıdır. Qalan turlarda perspektivli oyunçuları sınaqdan keçirməyi planlaşdırırıq”.
Sonda öz gələcəyi ilə bağlı sualları cavablandıran Saşa İliç, hazırda yalnız işinə fokuslandığını bildirib: “Mənim klubla qüvvədə olan müqaviləm var və işimi davam etdirirəm. Müqavilənin müddətinin uzadılıb-uzadılmayacağı barədə hazırda düşünmürəm. Rəhbərliklə bu barədə danışığımız olmayıb”.