57 ölkəninin 23 idman növündə medallar uğrunda mübarizə apadığı VI İslam Həmrəyliyi Oyunları davam edir. Dünən Nərgiz Zeynalova (54 kiloqram) və Səidcəmşid Cəfərovdan (80 kiloqram) sonra daha iki boksçumuz Aynur Mikayılova (57 kiloqram) və Məhəmmədəli Qasımzadə (60 kiloqram) finala vəsiqə qazanıblar. Həlledici görüşdə N. Zeynalova Ayşən Taşkınla (Türkiyə), A. Mikayılova Xumorabonu Mamajanova (Özbəkistan), M. Qasımzadə Madiyar Daniyarovla (Özbəkistan), S. Cəfərov isə Sultan Osmanlı (Türkiyə) ilə döyüşəcək. Yarımfinalda uduzan Fatimə Mehdiyeva (65 kiloqram) və Sərxan Əliyev (70 kiloqram) isə bürünc medalla kifayətləniblər.
Ağırlıqqaldıranın mübarizəsində İsa Rüstəmov (71 kiloqram) üç medal qazanıb. O, birdən qaldırmada 147 kiloqram ağırlığın öhdəsindən gələrək, bürünc mükafat əldə edib. Yığmamızın üzvü təkanla qaldırmada 177 kiloqram çəkini başı üzərinə qaldıraraq ikinci yeri tutub. İki hərəkətin cəmində isə 324 kiloqram nəticə göstərən atletimiz fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Xatırladım ki, ötən gün qadın ağırlıqqaldıramızdan Nuray Əbilova (48 kiloqram) 3 bürünc medal qazanıb.
Üzgüçülərin yarışında idmançılarmız ikinci medalı qazanıblar. Qadınlardan ibarət yığmamız 4×200 metr məsafəyə sərbəst üsulla estafet yarışında üçüncü yeri tutublar. Üzgüçülərimizin ilk medalını ötən gün 1500 metr məsafəyə sərbəst üsulla üzmə yarışında üçüncü yeri tutan Süleyman İsmayılzadə qazanmışdır.
Stolüstü tennisçilərin turnirində yarımfinalda Misirə 0:3 uduzan qanın yığmamız yarışı bürünc medalla başa vurublar.
Sonda onu da deyək ki, ölkəmizi 20 idman növündə 179 idmançının təmsil etdiyi İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.