PSJ-nin müdafiəçisi Əşrəf Hakimi zorlama ittihamı ilə məhkəmə qarşısına çıxacaq. 2023-cü ildə 24 yaşlı bir gənc qadına təcavüz etməkdə rəsmən ittiham olunan futbolçu, o vaxtdan bəri məhkəmə nəzarəti altında idi.
Mərakeşli ulduz sosial media hesabında ittihamları qətiyyətlə rədd edib: “Bu gün bir zorlama ittihamı belə, məhkəmə prosesinin başlanması üçün kifayət edir. Halbuki mən bunu təkzib edirəm və bütün sübutlar bu ittihamın yalan olduğunu göstərir. Bu həm günahsız insanlar, həm də əsl qurbanlar üçün ədalətsizlikdir. Həqiqətin ictimaiyyətə açıqlanacağı məhkəmə prosesini tam sakit şəkildə gözləyirəm”.
Fransanın “Le Parisien” nəşrinin yaydığı məlumata görə, bu hüquqi proses Hakimin meydandakı karyerasına hələlik mane olmayacaq. Komandanın vitse-kapitanı vəzifəsini daşıyan Hakimi böyük ehtimalla Çempionlar Liqasının cavab oyununa çıxacaq. PSJ rəhbərliyi 2023-cü ildən bəri mövqeyini dəyişməyib: “Günahı sübuta yetirilmədiyi müddətcə oyunçumuzun yanında olacağıq”.