Premyer Liqanın 19-cu turu çərçivəsində səfərdə “Neftçi”yə 0:1 hesabı ilə uduzan “Qəbələ”nin məşqçisi Giorgi Çixradze oyunsonrası mətbuat konfransında qarşılaşmanı şərh edib. Mütəxəssis komandasının oyunundan razı qalsa da, nəticədən məyus olduğunu bildirib.
Oyunun gərgin və sürətli keçdiyini vurğulayan Çixradze, rəqibin start təzyiqinə tab gətirə bilmədiklərini etiraf edib: “Maraqlı və dinamik oyun alındı. Bilirdik ki, “Neftçi” matça yüksək tempdə başlayacaq. İlk 15 dəqiqədə sürət baxımından rəqibdən geri qaldıq. Onlar oyuna aqressiv daxil oldular və nəticədə qapımızda qol gördük”.
Çixradze buraxılan qoldan sonra komandasının toparlandığını və üstün tərəf olduğunu qeyd edib: “Qoldan sonra çox yaxşı futbol nümayiş etdirdik. Xüsusilə ikinci hissədə real qol imkanlarımız oldu. Elə epizodlar yarandı ki, onlardan necə istifadə edə bilmədiyimizi hələ də başa düşə bilmirəm. Amma bu futboldur, belə hallar olur. Məncə, biz bu gün məğlubiyyətə layiq deyildik”.
Matçın ən yaddaqalan məqamlarından biri Prins Ovusunun 100 faizlik qol imkanını qaçırması və bundan sonra yaşadığı üzüntü olub. Məşqçi futbolçusuna dəstək verib: “Biz Prinsi sakitləşdirdik. O, gənc oyunçudur, öz üzərində çalışır və inkişaf edir. Bu, onun Premyer Liqada ilk mövsümüdür. Belə səhvlərin olması normaldır”.
“Neftçi” kimi güclü rəqibə qarşı qapıda gənc Rza Cəfərovun yer alması ilə bağlı sualı cavablandıran Çixradze, bunun əvvəlcədən planlaşdırıldığını bildirib: “Rzanı hələ əvvəldən komandaya cəlb etmək istəyirdik, amma o vaxt alınmamışdı. Ona böyük ümidlər bəsləyirik. Potensialını yaxşı bildiyimiz üçün şans verdik. O, kubok çərçivəsində “Sabah”la oyunu da yüksək səviyyədə keçirmişdi. Bu səbəbdən bu gün qapıda onun duracağını əvvəlcədən planlaşdırmışdıq. Bu qərar məhz rəqibin “Neftçi” olması ilə bağlı deyildi”.