Dünən keçirilən DÇ-2026-nın püşkatması daha çox dünya futbol qrumunun başçısı Canni İnfantinonun ABŞ prezidenti Donald Trampa özünü “yaxşı oğlan” kimi göstərməsi ilə yadda qaldı. Artıq futbol dünyasında belə bir fikir formalaşıb: “İnfantino Trampa yarınmaqdan böyük zövq alır”. Bunu Nobel mükafatından əli üzülən Trampın könlünü almaq üçün tələsik FİFA Sülh mükafatını təsis etməsi və ABŞ prezidentinin seçki kampaniyasını müşahidə etməsi və onun sevimli mahnısın tədbirdə səsləndirməsi də təsdiq etdi. Mahnıya gəlincə, bu, ABŞ repertuarındakılar arasında ən yaxşılardan çox uzaqdır. Trampın isə bu durum deyəsən çox xoşuna gəlir və hədiyyələri böyük məmnuniyyətlə qəbul edir.
Trampa FİFA Sülh Mükafatının verilməsi heç də birmənalı qarşılanmayıb. Norveç Futbol Assosiasiyasının rəhbəri Lisa Klaveness bu mükafatın hansı meyarlar əsasında təqdim edilməsinin qeyri-müəyyən olduğunu önə çəkərək belə bir mükafatı dəstəkləmdiyini bildirib: “Bu mükafatın obyektiv meyarları, münsiflər heyəti, idarə heyətinin qərarları üçün əsas olmadığı zaman, onun FİFA-nı siyasiləşdirmək üçün gizli bir üsula çevrilmə riski var”.
Norveç millisinin baş məşqçisi Stol Solbakken isə qala-gecəni “eybəcərlərin şousu” adlandırıb və Norveç telekanalının Donald Trampın ilk FIFA Sülh Mükafatını alması ilə bağlı sualının cavabında isə gülümsəyərək “çox layiq idi” deyib.
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel isə BBC-yə müsahibəsində şounun lazımsız olduğunu söyləyib: “Bəyənmədim, şousuzda keçinə bilərdik. Bütün bunlar mənə lazım deyil, amma təbii ki, bu, böyük bir səhnə və yaxçı əyləncədir”.