“Qalatasaray” Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Mançester Siti”yə səfərdə 2:0 hesabı ilə məğlub olsa da, adını turnirin pley-off mərhələsinə (ilk 24-lüyə) yazdırmağı bacarıb. Lakin oyunun nəticəsindən daha çox, “Etihad” stadionundakı möhtəşəm atmosfer Britaniya mətbuatının əsas mövzusuna çevrilib.
“Siti” öz meydanında “səfər hissini” yaşadı
İngiltərənin nüfuzlu nəşrləri “Qalatasaray” azarkeşlərinin yaratdığı coşğunu heyrətlə qarşılayıb. Manchester Evening News qeyd edib ki, “sarı-qırmızılılar”ın yaratdığı təzyiq, fit səsləri və məşəllər “Mançester Siti”yə öz evində “düşmən meydanı” atmosferini yaşadıb. Bir çox qəzetlər “Siti”nin matçı sanki səfərdə oynayırmış kimi hiss etdiyini manşetə çıxarıb.
Dünya nəşrlərinin gündəmi
BBC: Keçmiş “Siti” ulduzları İlkay Gündoğan və Leroy Sanenin qayıdışına diqqət çəkib. Hər iki futbolçunun yerli azarkeşlər tərəfindən isti qarşılandığı, lakin oyunun gedişatına təsir edə bilmədikləri vurğulanıb.
The Guardian: Qələbənin memarları kimi Erlinq Haaland və Rayan Çerkini göstərib. Eyni zamanda, Ceremi Dokunun zədələnərək meydanı tərk etməsi “Siti” üçün gecənin neqativ tərəfi kimi qeyd olunub.
Sky Sports: “Mançester Siti”nin oyuna tam nəzarət etdiyini yazıb. Haalandın uzunmüddətli qol həsrətinə son qoyması və Çerkinin təşkilatlanmış hücum sayəsində hesabı müəyyənləşdirməsi ön plana çıxarılıb.
The Sun: “Qalatasaray” azarkeşlərinin “Etihad”ı minlərlə insanla dolduraraq matça damğa vurduğunu, “Siti”nin isə bu təzyiq altında oyuna kifayət qədər ciddi və konsentrasiyalı başladığını bildirib.
Mourinyo detalı və turnir cədvəli
The Times və Independent qəzetləri maraqlı bir detala toxunub. Bildirilib ki, Jozue Mourinyonun rəhbərlik etdiyi “Benfika”nın “Real Madrid” üzərindəki qələbəsi Pep Qvardiolanın komandasına 1/8 finala gedən yolda əlavə üstünlük qazandırıb.