“Qarabağ”la “Ayntraxt” matçının sevindirici tərəfi tək qələbə deyildi. Bu oyunda diqqətçəkən məqamlardan biri də azsaylı yerli oyunçuların qələbədə böyük pay sahibi olmasıdır. Bəhlul Mustafazadə qələbə topunu vurdu və ənənəvi olaraq müdafiədə böyük əmək sərf elədi. Elvin Cəfərquliyev isə yaxşı mənada daha da təəccübləndirdi. Deyərdim ki, bu Elvinin ən yaxşı oyunlardan biri və bəlkə də birincisi idi. Hiss olunur ki, futbolçu xeyli artırıb və taktika, strategiya baxımından da daha ağıllı oynayır. “Ayntraxt”la oyundan sonra redaksiya heyətində Elvinin əla oyunu müzakirə olunurdu və heç kim şübhə etmirdi ki, bu oyunçu bu potensialla rahat Fransa, Almaniya liqalarında oynaya bilər. Odur ki, günün sualı ondan ibarət idi ki, bəs bu cür istedadlı və potensiallı futbolçu niyə gedib oynaya bilməz aparıcı liqalardı. Doğrusu, suala heç kim tutarlı cavab verə bilmədi. Amma məlum oldu ki, Elvin özü bu suala cavab verib. Oyundan sonra qələbəni bayram edən futbolçu mikrofonu diktordan alaraq “Başuaaaa” qışqırmaqla! Bax bu “başuaaa!” qışqırtısı o sualın cavabı idi. Zavallı diktor Sənan Şəfizadə mikrofonu tez qapmasaydı allah bilir Elvin daha nə qışqıracaqdı.
Bizim istedadlı futbolçularımız çox olub, lap çox. Hələ Sovet dövründən, müstəqillik illərində də. Bax o “başuaaa” qışqırmaq həvəsi və mentaliteti daha yüksək pilləyə qalxmağa imkan veryməyib.