Fransa futbolunun əfsanəvi siması Zinəddin Zidan karyerasında ilk dəfə milli komandaya rəhbərlik etməyə hazırlaşır. Uzun müddətdir yaşıl meydanlardan uzaq qalan mütəxəssisin ölkə yığmasının sükanı arxasına keçəcəyi gözlənilir.
Məşhur insayder Fabrisio Romanonun məlumatına görə, “Real”ın sabiq çalışdırıcısı Fransa Futbol Federasiyası ilə şifahi razılığa gəlib. Tərəflər arasında hələlik rəsmi müqavilə imzalanmasa da, bütün detalların razılaşdırıldığı bildirilir.
53 yaşlı mütəxəssisin yeni vəzifəsinin icrasına DÇ-2026-dan dərhal sonra başlayacağı planlaşdırılır.
Zidan «Real»dakı fəaliyyəti dövründə futbol tarixinin ən uğurlu məşqçilərindən biri olduğunu sübut etdi. Onun rəhbərliyi altında «Kral klubu» 3 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə La Liqanın, 2 dəfə UEFA Superkubokunun, 2 dəfə FİFA Klublararası Dünya Çempionatının və 2 dəfə İspaniya Superkubokunun qalibi olub.
Dünya futbolunun “Zizu”su indi bu zəngin təcrübəsini doğma vətəninin uğurları üçün sərf etməyə hazırlaşır. Bu təyinat həm Fransa azarkeşləri, həm də dünya futbol ictimaiyyəti tərəfindən böyük maraqla gözlənilir.