UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ”ı qəbul edəcək “Nyukasl”ın baş məşqçisi Eddi Hau matçdan öncə mətbuat konfransı keçirib. İlk oyunda qazanılan 6:1 hesablı böyük hesablı qələbəyə baxmayaraq, ingilis mütəxəssis “Köhlən atlara” qarşı arxayınlaşmadıqlarını və oyuna tam ciddi yanaşdıqlarını vurğulayıb.
Ardıcıl dörd səfər matçından sonra doğma “Sent-Ceyms Park“a qayıdan “sağsağanlar”ın çalışdırıcısı həm komandanın hazırkı durumu, həm də qarşıdakı hədəflər barədə fikirlərini bölüşüb.
Heyət seçimi: Balansı qorumaq və ritmi itirməmək
Eddi Hau ilk oyundakı üstünlüyə rəğmən qələbə üçün rotasiyalardan diqqətlə istifadə edəcəyini və ən hazır futbolçulara şans verəcəyini bildirib. Onun sözlərinə görə, əsas heyətlə bağlı yekun qərar bilavasitə oyundan dərhal öncə veriləcək: “Heyətə baxacağıq və qələbə qazanmaq üçün ən güclü komandanı seçməyə çalışacağıq. İlk hədəfimiz qələbədir. Müəyyən mənada futbolçuların oyun ritmini qorumaq istəyirik. Heyətdə rotasiya edərək hər kəsin təravətli qalmasını təmin etmək, eyni zamanda oyunçuların ritmi və yaxşı atmosferi itirməməsi arasında həssas bir balans qurmalıyıq”.
Mütəxəssis həmçinin heyətdəki zədəli futbolçular – Sven Botman və Yoan Vissanın son durumuna da aydınlıq gətirib: “Ümid edirik ki, Sven və Yoan sabah heyətdə olacaqlar. Səhər yuxudan duranda özlərini necə hiss etdiklərinə baxacağıq, amma hər şeyin yaxşı olacağına ümid edirik”.
Çempionlar Liqası motivasiyası və gərgin qrafik
Qeyd edək ki, qarşıdakı matç “Nyukasl” üçün cari mövsümdəki 44-cü rəsmi oyun olacaq. Əgər İngiltərə təmsilçisi “Qarabağ” səddini keçsə, mövsüm boyu minimum 58 oyun keçirməsi rəsmiləşəcək. Bu gərgin qrafikə rəğmən Hau komandasının Avropa səhnəsindəki çıxışından razıdır:
“Çempionlar Liqasında bəzi əla oyunlarımız olub, sanki ən yaxşı performansımızı məhz bu turnir üçün saxlamışıq. İlk oyundakı nəticə (6:1) çox danışıldı, lakin mənim üçün önəmli olan göstərdiyimiz oyun tərzi və qələbə aclığı idi. Məhz bu səviyyəni qorumağımızı və mümkün qədər tez-tez bu cür çıxış etməyimizi istəyirəm”.
Əsas hədəf 1/8 finaldır
İngiltərə təmsilçisi yeni İsveçrə sistemi ilə keçirilən liqa mərhələsində ilk 8-liyə düşərək birbaşa növbəti mərhələyə adlamağa çox yaxın idi. İndi isə 1/8 finala yüksəlmək üçün qarşıda cəmi bir addım qalıb. Baş məşqçi komandasının psixoloji cəhətdən tam hazır olduğunu vurğulayıb:
“Turnir başlamazdan əvvəl də danışmışdıq: ilkin hədəfimiz 1/8 finala yüksəlmək idi. Həmin mərhələyə çatdıqdan sonra isə hər şey ola bilər. Pley-off və tək oyunluq qarşılaşmalarda özümüzə güvənirik, bu format cari mövsümdə heyətimizin ən yaxşı tərəflərini üzə çıxardı. Bizim üçün çətin keçən dövrə çox yaxşı reaksiya verdik. Son bir neçə həftədə heyətdəki ab-hava çox güclüdür və sabahkı oyuna tam hazırıq”.