“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Premyer Liqanın 25-ci turu çərçivəsində “Karvan-Yevlax” üzərində qazanılan çətin qələbəni (2:1) şərh edib. Ukraynalı mütəxəssis komandasının oyunundakı müsbət dinamikadan və qarşılaşmanın gərgin keçən son dəqiqələrindən danışıb.
Görüşün ilk yarısından razı qaldığını bildirən Demçenko, matçın startında üstünlüyü tam ələ aldıqlarını vurğulayıb: “İlk hissə bizim üçün olduqca uğurlu keçdi. İki gözəl qola imza ataraq fasiləyə üstün yollandıq. İkinci hissədə isə öz səhvimizdən qapımızda qol gördük. Belə matçlarda əsas məqsəd oyuna nəzarəti əldən verməmək və hesabı qorumaqdır. Təəssüf ki, ikinci yarıda əlimizə düşən əla fürsətləri dəyərləndirə bilmədik. Futbolun yazılmamış qanunudur: sən vurmayanda, sənə vururlar”.
Mütəxəssis hesab fərqini artıra bilmədikləri üçün oyunun sonunun dramatik xarakter aldığını qeyd edib: “Fərqi artıra bilmədiyimiz üçün final fiti ərəfəsində gərginlik yaşadıq. Lakin ümumi mənzərəyə baxsaq, komandamız oyundan-oyuna inkişaf edir. Artıq futbolçular məşqçilər heyətinin onlardan nə tələb etdiyini tam dərk edirlər. Meydanda verilən tapşırıqları maksimum yerinə yetirməyə çalışırlar. Bu inkişaf bizi gələcək turlar üçün ümidləndirir“.