DÇ-2026-nın finalı üçün “büdcə kateqoriyalı” biletlərin qiymətu 3119 funt-sterlinqdən ($4185) başlayır. Bu məlumat bu gün, FİFA milli assosiasiyalara qrup mərhələsi oyunları və final üçün yerlərin bölgüsü barədə məlumat verərkən bəlli olub.
Final üçün ən ucuz biletin qiyməti DÇ-2022-i ilə müqayisədə təxminən yeddi dəfə artıb. Qətərdə açıq satışda olan ən ucuz biletlərin qiyməti 450 funt sterlinq ($600) təşkil edirdi. BBC-yə görə, İngiltərə və Xorvatiya arasında iyunun 17-də keçiriləcək oyun üçün biletlərin qiymətləri 198 ($265), 1/4 final 507 ($680), yarımfinal oyunları üçün isə 686 funt sterlinqdən ($920) başlayır.
“Avropalı Futbol Azarkeşləri” birliyi FİFA-nın bu “yırtıcı” qiymət strategiyasından “dəhşətə gəldiyini” bildirib. Onlar bilet satışının dərhal dayandırılmasını tələb edərək, ən ucuz kateqoriyada biletlərin olmamasını “mundialın ənənələrinə böyük bir xəyanət, azarkeşlərin bu tamaşaya verdiyi töhfəyə məhəl qoymamaq” adlandırıblar. Qrup bildirib ki, FİFA “iştirakçı assosiasiyalara yerlərin bölgüsü çərçivəsində bilet satışını dərhal dayandırmalı, bütün maraqlı tərəflərlə məsləhətləşmələr aparmalı və Dünya Çempionatının ənənələrinə, universallığına və mədəni əhəmiyyətinə hörmət edən bir həll tapılana qədər bilet qiymətlərini və kateqoriyalar üzrə bölgüsünü yenidən nəzərdən keçirməlidir”.
“2018-ci ildə dərc edilmiş iddia sənədində qiymətlərin $21-dan başlayacağı vəd edilmişdi. İndi o biletlər hardadır? Həmin iddia sənədinə əsasən, ən ucuz kateqoriyada finala qədər bütün oyunlara biletlərin qiyməti $2242 olmalı idi. Bu vəd çoxdan unudulub,” – deyə “Avropalı Futbol Azarkeşləri” qrupu bəyan edib.