Martın 14-15 aralığında Polşanın paytaxtı Varşava cüdo üzrə növbəti nüfuzlu Açıq Avropa turnirinə ev sahibliyi edəcək. Beynəlxalq təqvimin önəmli yarışlarından sayılan bu turnirdə millimiz geniş heyətlə mübarizə aparacaq.
Avropa Cüdo İttifaqının (EJU) təşkilatçılığı ilə keçirilən yarışda ölkəmizi 9 çəki dərəcəsində ümumilikdə 19 idmançı təmsil edəcək. Heyətdə 15 kişi və 4 qadın cüdoçu yer alıb.
Məşqçilər korpusunun qərarına əsasən, Varşavada aşağıdakı idmançılarımız tatami üzərinə çıxacaq.
Kişilər: Babarəhim Mirzəyev, Murad Əliyev, Kənan Hüseynov (60 kq), Nəzir Talıbov, Hüseyn Allahyarov, Tofiq Məmmədov, Yaşar Nəcəfov, Elşən Əsədov (66 kq), İbrahim Əliyev, Rüfət Şovlatov, Nəriman Mirzəyev (73 kq), Xəyam Əliyev (90 kq), Elmar Qasımov, Nihad Şıxalizadə (100 kq) və Camal Feyziyev (+100 kq).
Qadınlar: Gülnarə Bayramova (57 kq), Aytac Qardaşxanlı (70 kq), Nərmin Əmirli və Günel Həsənli (78 kq).
Varşava turniri bu il də iştirakçı sayının çoxluğu ilə diqqət çəkir. Belə ki, medallar uğrunda 31 ölkədən 359 idmançı mübarizə aparacaq. Azərbaycan yığması həm təcrübəli ustalar, həm də gənc istedadlarla təmsil olunduğu üçün ekspertlər komandamızdan yüksək nəticələr və medal sevinci gözləyirlər.
Xatırladaq ki, bu növ turnirlər idmançıların dünya reytinqində mövqelərini yaxşılaşdırmaq və beynəlxalq təcrübə toplamaq baxımından böyük əhəmiyyət kəsb edir.