Sloveniyanın Lyublyana şəhərində cüdo üzrə böyüklər arasında keçirilən Avropa kuboku başa çatmaq üzrədir. Ölkəmizi qadınların yarışında 6 idmançı təmsil edir: Şəfəq Həmidova (48 kq), Könül Əliyeva, Leyla Əliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva (70 kq) və Mədinə Kaysinova (+78 kq). Turnirin ikinci günündə ölkəmizin dörd cüdoçusu tatami üzərinə çıxıb. Leyla Əliyeva inamlı çıxış edərək dörddəbir finala yüksəlib, turnirə qələbə ilə başlayan Fidan Əlizadə növbəti mərhələyə adlayıb. Şəfəq Həmidova ikinci qarşılaşmasında məğlub olaraq, Könül Əliyeva isə elə ilk görüşündə rəqibinə uduzaraq mübarizəni dayandırıb.
Xatırladaq ki, turnirin ilk günündə mübarizə aparan Südabə Ağayeva və Mədinə Kaysinova mükafatçılar sırasına düşə bilməyiblər.
İki gün davam edən turnirdə ümumilikdə 44 ölkədən 470 idmançı qələbə uğrunda mübarizə aparır.