“Benfika”nın baş məşqçisi Joze Mourinyo, Çempionlar Liqasında “Real”la qarşılaşmadan sonra braziliyalı ulduz Vinisius Juniorun irqçiliklə bağlı bəyanatlarına verdiyi reaksiyaya görə tənqid hədəfinə çevrilib. Samir Nasridən sonra futbol dünyasının əfsanələrindən olan Lilian Türam da portuqaliyalı mütəxəssisin sözlərinə kəskin etirazını bildirib.
Hadisənin Tarixçəsi
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Real”in futbolçusu Vinisius Junior “Benfika” azarkeşləri tərəfindən irqçi təhqirlərə məruz qalıb. Matçdan sonra Joze Mourinyo klubunun irqçi olmadığını müdafiə edərək bu qalmaqallı fikirləri səsləndirib:
“Mən Vinisiusa dedim ki, qol sevincini fərqli şəkildə yaşamalıdır. Bu klubun ən böyük əfsanələrindən biri olan Eysebio da qaradərili idi. “Benfika” irqçi klub deyil. Lakin anlamıram, bu hadisələr niyə həmişə məhz Vinisiusun başına gəlir?”.
Lilian Türamdan Sərt Cavab: “Bu, ağ narsisizmidir”
Fransalı keçmiş müdafiəçi Lilian Türam, Mourinyonun bu yanaşmasını həm təkəbbürlü, həm də qurbanı günahlandırmaq cəhdi kimi qiymətləndirib.
Məsuliyyətdən qaçış: “Mourinyo böyük məşqçidir və karyerası boyu bir çox qaradərili futbolçu ilə işləyib. Amma bu, ona irqçilik faktını şübhə altına almaq hüququ vermir. Cənab Mourinyo, siz kimsəniz?! Vinisiusun nə etməli olduğuna qərar vermək səlahiyyətini sizə kim verib? Bu sözlərdə açıq-aşkar təkəbbür və ağ narsisizmi var”.
Qurbanın günahlandırılması: “Vinisius davranışı deyil, dərisinin rənginə görə hücuma məruz qalıb. Mourinyo isə eyham vurur ki, günah Vinisiusdadır. Özünü hamıdan haqlı hesab etmək azarı bəzi insanlarda elə bir mənəvi korluq yaradır ki, onlar qurbanın keçirdiyi hissləri anlaya bilmirlər”.
Şahidlərin varlığı: “Oyunçuların dediklərini necə görməzdən gəlmək olar? Vinisius dəli olub ki, durduq yerə təhqir uydursun? Mbappe də eyni şeyi eşidib. İndi belə çıxır, qaradərililər dəlidir, paranoikdir, yoxsa uydurmaçıdırlar?”.